Xəbərlər
Qlobal və regional aktorlar arasındakı əməkdaşlıq, dünyada sülhə və tərəqqiyə töhfədir
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Dünya İqtisadi Forumu (Davos İqtisadi Forumu) 1971-ci ildə yaradılmış və hər il İsveçrənin Davos şəhərində keçirilən, dünya liderləri və tanınmış iş adamlarının iştirak etdiyi toplantıdır.
Davos Forumu İqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Burada irəli sürülən yeni təkliflər, fikirlər dünya iqtisadiyyatına istiqamət verir. Bu Forumu, eyni zamanda, güc mərkəzlərinin bir-biri ilə fikir mübadiləsi, dialoq qurduğu bir platforma, bir çox məsələlərin müzakirəsi və vacib qərarların qəbuluna əlverişli mühit yaradan təsisat da hesab etmək olar.
Azərbaycan, Davos İqtisadi Forumunda ilk dəfə 1995-ci ildə Prezident Heydər Əliyevlə təmsil olunub. Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycanın qapılarını xarici şirkətlərlə, dünyaya açması və əməkdaşlıq təklifi, Forumda çox böyük maraqla qarşılanıb. Bundan sonra Azərbaycanın DİF-da iştirakı ənənəvi hal alıb.
Prezident İlham Əliyev də vaxtaşırı Davos İqtisadi Forumunda Azərbaycanı təmsil edib. Prezidentin hər bir iştirakı, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərlə müşaiyət olunub. Dünya İqtisadi Forumu, Prezidentin öz təbiri ilə desək, “Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır”.
Prezidentin Dünya İqtisadi Forumunun bu ilin yanvar toplantısında iştirakı da məhsuldarlığı ilə əvvəlkilərdən geri qalmayıb. Forum çərçivəsində bir sıra dövlət və hökumət başçıları, Transmilli şirkətlərin rəhbərləri ilə görüşlər keçirən Prezident, həmçinin mətbu orqanlara müsahibələr də verib.
Yanvarın 17-də Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində ölkə rəhbərimizin, müxbirin Çin-Azərbaycan əlaqələri, çinli və digər investorlar üçün yaradılmış mühit, xarici investisiyaların qorunma əmsalı və s. məsələlərlə əlaqədar verdiyi suallara cavabları, həm ölkəmizdə, həm də dünyada böyük maraqla qarşılanıb. Prezident, Azərbaycanda investisiya mühitinin son dərəcə müsbət olduğunu, xarici və yerli investisiyaların lazımınca qorunduğunu, indiyədək olduğundan – yəni ənənəvi olaraq neft və qaz sektoruna sərmayə qoyuluşundan fərqli olaraq – bundan sonra daha çox qeyri-enerji sektoruna investisiya cəlb etmək prioritetimizi dilə gətirmiş, iqtisadi və siyasi risqlərdən qorunmaq məqsədilə bütün sahələrdə olduğu kimi, infrastruktur, xüsusilə nəqliyyat infrastrukturunun şaxələndirilməsinə önəm verdiyimizi bildirmiş, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyaların bizim üçün prioritet təşkil etdiyini vurğulamışdır.
Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməmizin verdiyi üstünlüyə toxunan ölkə rəhbəri, bu səbəblə - yəni Çindən başlayıb Avropada bitən bu marşrutun yükgötürmə və ötürücülük qabiliyyətinin artırılması məqsədilə Bakı yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının son mərhələdə olduğunu ifadə etmiş, Çin şirkətlərinin bu fürsətləri dəyərləndirəcəyinə ümid etdiyini nəzərə çatdırmışdır.
Azərbaycanla Çin arasında formalaşmış möhkəm siyasi münasibətlərin, ölkələrimizin beynəlxalq təsisatlar çərçivəsində də çox məhsuldar əməkdaşlığına zəmin yaratdığına toxunan Prezident, ölkələrimizin daima bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini yüksək qiymətləndirmiş, məhz möhkəm siyasi platforma üzərində qurulan iqtisadi əməkdaşlığın, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığı gücləndirəcəyinə əminliyini ifadə etmişdir.
Ölkəmizdən keçməsi nəzərdə tutulan “Orta Dəhliz” məsələsinə də toxunan Azərbaycan Prezidenti, artıq “ev tapşırığı”mızı yerinə yetirdiyimizi, nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərinin qurdulğunu söyləmiş, Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıqda maraqlı olduğumuzu gizlətməmişdir.
Müxbirin "Bir kəmər, bir yol" layihəsi, “yaşıl enerji”, habelə sırf insani keyfiyyətlər, liderə məxsus meyarlarla, habelə enerji böhranı, Azərbaycanın bu qlobal problemin həllində rolu, maraqlı tərəfləri bir araya gətirə bilmək məharəti, enerji böhranının gedişatı və gələcəyi ilə əlaqədar suallarını cavablandıran Prezident, "Bir kəmər, bir yol" layihəsinin reallaşması naminə Azərbaycanın çox böyük işlər gördüyünü, əvvəllər mövcud olmamış infrastruktur yaratdığını, Xəzər dənizində ən böyük ticarət limanı, gəmiqayırma zavodu, avtomagistrallar, hava limanları inşa edildiyini, dəmir yolu infrastrukturuna investisiya yatırıldığını bildirmiş, açıq dənizə çıxışı olmayan bir ölkənin - Azərbaycanın faktiki olaraq beynəlxalq, lojistik və nəqliyyat mərkəzinə çevrildiyini nəzərə çatdırmış, artıq inşasına başlanmış və Xəzər dənizinə istiqamətlənmiş yeni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin də çox vacib təchizat marşrutu olduğunu, Orta Dəhlizin parlaq gələcəyi olacağını xatırlatmışdır.
Azərbaycan Prezidenti, Çinlə əməkdaşlıq sferaları sırasına yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə etməklə, Çinin texnoloji nailiyyətlərindən yararlanmaqda maraqlı olduğumuzu etiraf etmiş, Azərbaycanın bu sahədə böyük potensialı olduğunu bildirmişdir.
Siyasətçinin, xüsusilə dövlətə başçılıq edən siyasi xadimin, liderin yerinə yetirə bilməyəcəyi vədləri verməməli olduğunu söyləyən Prezident, çox söz verməyi sevmədiyini, siyasi həyatında söz verib, arxasında durmadığı halın olmadığını, verdiyi bütün sözləri yerinə yetirdiyini, söz vermək yerinə nəticəni nümayiş etdirməyi üstün tutduğunu ifadə etmişdir.
Çoxlu bəyanatlar, açıqlamalar vədlər verənlərin çox qısa zaman kəsiyindən sonra, vədlərini unutduğunu təəssüflə dilə gətirən Prezident, insanların bunu yaxşı anladığını, unutmadığını və sözə, vədə yox, əmələ, söylədiyini yerinə yetirənlərə üstünlük verdiklərini, ona görə də xalqla, cəmiyyətlə birbaşa təmas, açıq kommunikasiya kanalından istifadə etdiyini, hər il regionlara təxminən 30-40 səfər etdiyini, əhalini hansı problemlərin narahat etdiyini, özünün nə etməli olduğunu, insanların gündəlik həyatı ilə maraqlandığını, daha yaxşı həyat tərzi üçün ehtiyaclarının təminat yollarını aradığını bildirmişdir.
Böyük güclər arasındakı qütbləşməyə diqqət çəkən Prezident, bəzi ölkələrin ambisiyalarının, regionda və ya dünyada liderlik uğrunda mübarizəsinin etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxardığını, nəticə olaraq isə dünyanın müxtəlif bölgələrində enerji böhranına səbəbiyyət verdiyini qeyd etmiş, bizim uğurumuzun sirrinin ilk növbədə, enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılmasında və hətta ixrac marşrutlarına malik olmadan belə, neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb edilməsində, habelə istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansın qorunmasına nail olunmasında, ədalətli olmaqda olduğunu xatırlatmış, Avropada müşahidə edilən qaz çatışmazlığının aradan qaldırılmasında, vaxtında həyata keçirilmiş infrastruktur layihələrinin - çəkilmiş kəmərlərin rolunun da həlledici faktor olduğu vurğulamışdır.
Qlobal arenada böyük oyunçulardan olan Çin ilə, regional arenada əhəmiyyətli işlər görən Azərbaycanın əməkdaşlığı, bu ölkələrlə yanaşı, həm dünyanın həm də regionun iqtisadi inkişafına, iki ölkə arasında insani və mədəni münasibətlərin uğurlu gələcəyə körpü olacağına zəmin yaradır.