Xəbərlər
“Heydər Əliyev və Azərbaycan Konstitusiyası: Suverenliyin təməli”
Azərbaycan Respublikası Hesablama Palatası ilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Konstitusiyası: Suverenliyin təməli” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Heydər Əliyev və Azərbaycan Konstitusiyası: Suverenliyin təməli” mövzusunda hazırlanmış film nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tədbirin məqsədinin “Konstitusiya və Suverenlik İli”nin mahiyyətinə işıq salmaq olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu tarixi qərarın kökləri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarından qaynaqlanır və həmin ideyaların gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Vüqar Gülməmmədov çıxışında həmçinin vurğulayıb ki, Ümummilli Liderin siyasi iradəsi, uzaqgörən strategiyası və dövlət quruculuğu sahəsində atdığı addımlar Azərbaycan dövlətçiliyi üçün möhkəm təməl yaradıb.
Hesablama Palatasının sədri qeyd edib ki, bu gün ölkəmiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsi və uzaqgörən rəhbərliyi altında sürətli inkişaf yolundadır və onun rəhbərliyi ilə həyata keçirilən islahatlar iqtisadi müstəqilliyimizin daha da güclənməsinə xidmət edir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Veteranlar Şurasının üzvü, “91”-lərin nümayəndəsi, professor Sudeif İmamverdiyev, millət vəkili, professor Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Asif Əsgərov, YAP Səbail rayon “Dövlət Auditi” ərazi partiya təşkilatının sədri Vaqif Həsənov, sədr müavini İbiş İbişzadə və fəal üzv Maya Rüstəmova çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğu və müasir dövlət idarəçiliyinin hüquqi əsaslarının formalaşmasında rolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl həyata keçirilən siyasətin strateji əhəmiyyəti qeyd edilib.
Tədbirin sonunda bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib və Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
