YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər Akvatoriyası beynəlxalq əməkdaşlıq və təhlükəsizlik məkanı olmalıdır

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri 

Şotland mənşəli Britaniya mütəfəkkiri, iqtisadçı və filosof Adam Smit, ölkələrin neytral sualara və ticarət yollarına  çıxışının, iqtisadi fəallığın  göstəricilərinə mühüm təsiri olduğunu  hələ XVIII  əsrdə  qeyd edirdi. Doğrudur, zaman keçdikcə quru və hava nəqliyyatının inkişafı, sahilyanı dövlətlərin dənizlərə çıxışı olmayan ölkələrə nisbətdəki üstünlüyünü  azaltsa  da, dəniz daşımalarının dünya ticarətindəki çəkisi və mərkəzi rolunu tam aradan qaldıra bilmədi. BMT-nin Beynəlxalq dəniz  hüququ Konvensiyasına əsasən daxili kontinental ölkələrin dənizlərə çıxış hüququnun olmasına baxmayaraq, dənizlərə  çıxışı olmayan ölkələr üçün - xüsusilə də qonşuluğunda  iqtisadi və  ya hərbi səbəblərdən öz ərazisi ilə dənizə çıxışı və ya tranziti əngəlləmək ehtimalı  olan  dövlətlərin mövcud olduğu coğrafiyalar üçün - bu problemlərlə  üzləşmək ehtimalı həmişə var.

Bu gün, Dünya okeanına çıxışı olmayan 44 dövlət mövcuddur ki, onların 7-si bizim də daxil olduğumuz – Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun payına düşür. Bu yeddi dövlətdən  3-ü  -  yəni Azərbaycan, Qazaxıstan və Türkmənistan - qapalı su hövzəsi sayılan Xəzəryanı  dövlətlərdir ki, bu hövzə ilə həmsərhəd, lakin neytral sulara çıxışı olan Rusiya və İran ilə  birlikdə bu beş dövlət, zaman-zaman bir araya gələrək Zirvə toplantıları keçirir və bu toplantılarda - regional təhlükəsizlik də daxil olmaqla – “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da əksini tapmış bütün komponentləri - kommunikasiyaların dayanıqlığını, hidrometeorologiya, bioloji ehtiyatların qorunması və istifadəsi, fövqəladə  hallarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər  ətrafında  fikir  mübadiləsi  aparır, bu problemlərin həlli  məqsədilə  yol  xəritəsi müəyyən edir, saziş və müqavilələr imzalayır.

Xəzəryanı dövlətlərin beşinin də zəngin karbohidrogen ehtiyatlarına malik dövlətlər olduğu, eyni zamanda digər üç dövlətdən  fərqli olaraq Dünya Okeanına çıxışları olan Rusiya və İranın zaman-zaman müxtəlif səbəblərdən sanksiyalarla üzləşdiyi  nəzərə alınarsa,  açıq dənizlərə çıxışı olan Gürcüstanla həmsərhəd  Azərbaycanın  getdikcə  daha  çox Cənubi Qafqazın və Mərkəzi Asiyanın nəqliyyat xabına çevrilməsinin  səbəblərini anlamaq  çətin olmaz.     

Azərbaycanın coğrafi mövqeyi, Mərkəzi Asiya dövlətləri ilə Qara dəniz arasında  beynəlxalq  nəqliyyat və maddi  ehtiyatların  hərəkətinin  təşkili  üçün  lojistika dəhlizi rolu oynamağa əlverişli olduğu qədər,  Şimal-Cənub koridoru ilə İran və Rusiya, Fars körfəzi ilə Baltik dənizi arasında əlaqə yaradılması  üçün də əlverişlidir. Zəngəzur koridoru reallığa çevriləcəyi təqdirdə isə Mərkəzi Asiyanın Aralıq dənizi  ölkələri, Afrika və  Cənubi  Avropa  dövlətləri ilə də intensiv nəqliyyat əlaqəsi reallaşa bilər ki, bu da regionun inkişafı üçün yeni  perspektivlər  vəd  edir.

Bakı-Ceyhan Neft kəməri, Trans Adriatik Boru Xətti (TAP) və Trans-Anadolu qaz boru kəməri (TANAP), habelə “Cənub Qaz Dəhlizi”  layihələri enerji təhlükəsizliyinin  təminatında,  Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu, Xəzərdə ən böyük ticarət donanması və müasir  avtomobil yolları, Azərbaycanın tranzit potensialının və lojistika  imkanlarının  göstəriciləri  olmaqla,  Xəzəryanı dövlətlər içərisində  ölkəmizi xüsusi cazibə mərkəzinə çevirir.

Ölkəmizin nəqliyyat-tranzit potensialı nəinki, Mərkəzi Asiya ölkələri, həmçinin 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” adlı layihənin – Avrasiya ölkələri arasında malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması -  ticarət koridoru  üçün  də əlverişli imkanlar yaradır.

2014-cü ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın müştərək təşəbbüsü ilə yaradılmış Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu da Çindən Avropayadək uzanan nəqliyyat xəttinin  inkişafında  mühüm  faktora  çevrilir və ölkəmizin tranzit daşımalarındakı rolunu önə çıxarır.

Azərbaycan Prezidentinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Aşqabadda keçirilən VI Zirvə Toplantısında iştirakı, haqqında danışdığımız  məsələlər ətrafında  çıxışı,  böyük  maraq  doğurmaqla,  dövlətimizin  regional  əməkdaşlığa və inkişafa göstərdiyi  diqqətin  təzahürü  sayılacaq  hadisələrdən idi.

Prezidentin öz çıxışında 2018-ci ildə  imzalanmış, “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya”nın tarixi əhəmiyyətini vurğulaması və Konvensiyanın tezliklə qüvvəyə minməsinə ümid etdiyini söyləməsi, şübhəsiz ki, ilk növbədə bu Konvensiyanın 22-ci maddəsinə əsasən, bütün Xəzəryanı dövlətlər tərəfindən ratifikasiya olunmalı olduğunu,  bu addımın Xəzəryanı dövlətlərin hərtərəfli qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün möhkəm hüquqi zəmin yaradacağına, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə  ehtiramın  göstəricisi, region xalqlarının  rifahının  yüksəlməsinə töhvə olacağına diqqətə çatdırmaq  niyyəti idi.

Prezidentin, dövlətimiz  tərəfindən  yeni inşa edilmiş Beynəlxalq Dəniz Ticarəti Limanının  xatırlatması, bu dəniz limanının  təkcə ölkəmizin nəqliyyat-logistika  infrastrukturunu təkmilləşdirmək məqsədinə deyil, həmçinin də Transxəzər Beynəlxalq Marşrutunun fəaliyyətinə stimul vermək niyyəti daşıdığını, bu marşrutun isə öz növbəsində Xəzəryanı dövlətlərin ticarət potensialının artması ilə yanaşı, eyni zamanda nəqliyyat infrastrukturunun da inkişafına böyük təsiri olacağına  diqqət çəkmək məqsədi idi.  

“Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya”nın 4-cü maddəsinə əsasən Xəzər dənizindən digər dənizlərə, Dünya Okeanına və geriyə sərbəst çıxışın həyata keçirilməsi qaydası və şərtlərinin  ikitərəfli  sazişlər vasitəsi ilə razılaşdırılması nəzərdə tutulmuşdur. Prezidentin Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrin  Xəzər regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün təməl yaratdığına diqqət çəkməsi, bu müqavilələrin həm də sabitliyin və təhlükəsizliyin qarantı olduğunu, Xəzər akvatoriyasının region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş beynəlxalq və regional layihələrin  tərkib  hissəsi olması üçün  unikal  imkanlara  malik  olduğunu xatırlatmaq məqsədi daşıyır.

Azərbaycan Prezidentinin Ermənistanla münaqişənin həllindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri, həmçinin bu regionun  beynəlxalq əlaqələrin inkişafındakı əhəmiyyəti  barədə danışması, artıq reallığa çevrilən Zəngəzur dəhlizinin Şərq-Qərb marşrutundakı önəmi barədə Sammit iştirakçılarını  məlumatlandırması isə, bir daha ölkəmizin sülhpərvər missiyasının, regionda və dünyada sülhün bərqərar olmasında maraqlı olduğunun təcəssümüdür.