Xəbərlər
Xəzərin təhlükəsizlik və əməkdaşlıq dənizinə çevrilməsinə böyük diqqət yetirilir
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Xəzər dənizinin sahilində yerləşən dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan respublikaları və Rusiya Federasiyası tarixən əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində yaşamışlar.
Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı bir daha göstərdi ki, sahilyanı region ölkələri tərəfindən Xəzərin təhlükəsizlik və əməkdaşlıq dənizinə çevrilməsinə böyük diqqət yetirilir, bu sahədə qarşılaşılan bir sıra problemlərin həlli istiqamətində uğurlu addımlar atılır. Dənizdə su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi ilə əlaqədar mövcud problemlərin həlli sürətləndirilir, Xəzərin ekoloji sisteminin yaxşılaşmasına, ekoloji inkişafına xüsusi əhəmiyyət verilir.
Bütün bunlarla yanaşı, tranzit yükdaşımaları üçün böyük imkanlar açılır. Ümumiyyətlə, bu dəniz Azərbaycanı Mərkəzi Asiya ilə əlaqələndirdiyi üçün mühüm önəm daşıyır. Belə ki, Xəzər vasitəsilə bir tərəfdən Azərbaycan, digər tərəfdən Qazaxıstan və Türkmənistan arasında böyük həcmdə tranzit daşımaları reallaşdırılır.
Prezident İlham Əliyev toplantıdakı çıxışında bütün bunlar barədə ətraflı bəhs edərək, deyib: “Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehti-yatlarının qorunub saxlanması, səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qal¬dırılması ilə bağlı sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb”.
Ölkə rəhbəri çıxışında həmin layihələrin müzakirə prosesində olduğunu və hazır olduqca imzalanmaq üçün təqdim ediləcəyini də xatırladıb.
Yeri gəlmişkən, dövlətimizin başçısının nitqində vurğulandığı kimi, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanılıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.
Bu məsələdə diqqətçəkən məqam həm də odur ki, Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin mənafeləri nəzərə alınıb, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq məsələsi önə çəkilib.
Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər respublikamızda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər də bunun əyani nümunəsidir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan sayılır.
Xəzər dənizinin bütün sərhədyanı dövlətlər üçün strateji əhəmiyyəti var. Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.