YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Azərbaycanın strateji nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində daha bir önəmli addım atıldı

Yanvarın 9-da Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı Azərbaycanın strateji nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində atılmış daha bir önəmli addımdır.

Bu fikri iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib. O qeyd edib ki, liman kompleksinin əhəmiyyətini açıqlanan məlumatlardan aydın görmək olar: kompleksin birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteynerdir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi aparılacaq və digər zəruri işlər görüləcək.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa təbrikini xatırladan ekspert qeyd edib ki, dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəsinə, strateji nəqliyyat mərkəzinə çevrildiyini vurğulayıb. Prezident, həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək.

“Doğrudan da Bakı-Tbilisi-Qars dəmir yolu xətti qitələri birləşdirən nəqliyyat dəhlizidir. Bu strateji layihə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində ərsəyə gəlib. BTQ-nin istifadəyə verilməsi fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışı daha cəlbedici görünür”, - deyə V.Bayramov qeyd edib. Onun sözlərinə görə, iqtisadi şaxələndirmə siyasətinin həyata keçirilməsi ilə, xüsusilə də hazırkı dövrdə neftdən asılılığın aradan qaldırılmasının prioritet olduğu bir daha təsdiqləndi. Post-neft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması əsas hədəflərdən biridir. Nəticə etibarilə nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması da təsdiqləyir ki, beynəlxalq yük daşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, əlavə valyutaların daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artması kimi də xarakterizə edilməlidir.

“Ölkəmiz bir sıra qlobal nəqliyyat layihələri həyata keçirir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir”, - deyən Vüqar Bayramov bildirib ki, Azərbaycan bu nəqliyyat dəhlizinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Eyni zamanda, logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir.

İqtisadçı ekspert deyib ki, 2016-cı ildə qeyri-neft sektorunda beynəlxalq yükdaşımaların həcmi 65 faiz artıb, 2017-ci ildə isə artım tempini qoruyub saxlamaq daha asan olub. Bununla yanaşı, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsulları beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılacaq. Nəqliyyat dəhlizləri imkan verir ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar.

Yeni istifadəyə verilən Ro-Ro terminalının imkanları buna əlverişli şərait yaradır. Belə ki, yeni terminal ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında malikdir və ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Layihə çərçivəsində müasir tələblərə uyğun informasiya texnologiyaları və təhlükəsizlik infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə liman ərazisində əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sisteminin yaradılması nəzərdə tutulur.

“Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir, Azərbaycanın tranzit potensialını gücləndirir”, - deyə ekspert vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv