Xəbərlər
Əli Əhmədov: Multikulturalizm Prezident İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyətinin formalaşmış modelinə yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir
«Multikulturalizm Prezident İlham Əliyev tərəfindən Azərbaycan cəmiyyətinin formalaşmış modelinə yeni çalarlarla daxil edilmiş mədəni-mənəvi dəyərdir. Prezident İlham Əliyevin baxışları kontekstində multikulturalizm Azərbaycan cəmiyyətinin təbiətini, dəyərləri sistemini, dünya birliyinə inteqrasiya istəklərini bütün çılpaqlığı ilə dərk etməkdə açar rolunu oynayır. Müasir Azərbaycan cəmiyyətində multikulturalizm onun mədəniyyətinin təbiətindən irəli gəlir». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycan mədəniyyəti və bu mədəni dəyərlər əsasında qərar tutan cəmiyyət təcridlikdən uzaq olması ilə seçilir. Çoxmədəniyyətlilik bu cəmiyyətin mədəni özünüdərkinin və özünüifadəsinin aparıcı xüsusiyyəti rolunda çıxış edir. Bu isə öz növbəsində cəmiyyətin, onun mədəni dəyərlər sisteminin qapalılıqdan, birtərəflilikdən, təcridolunma meyillərindən xilas olmasına kömək göstərir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının təxminən 20 faizinin Ermənistan işğalçı qüvvələri tərəfindən zəbt olunmasına, işğalın 25 ildən çox davam etməsinə, on minlərlə insanlarımızın etnik mənsubiyyətinə görə qətlə yetirilməsinə baxmayaraq, cəmiyyətdə tolerantlığın mövqelərinə zərbə vura biləcək dini, irqi, etnik dözümsüzlük halları yayıla bilməmişdir. İşğalçı Ermənistanın monoetnik cəmiyyət modelinə Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı, tolerantlıq əsasında qərar tutmuş modeli qarşı durmaqdadır.
«Müasir Azərbaycanın reallıqları şəraitində multikulturalizmi sosial hadisə olaraq reallaşan ölkəmiz, eyni zamanda, multikulturalizmin nəzəri cərəyan kimi daha da kamilləşməsinə və təbliğinə böyük önəm verir. Müxtəlif illərdə Bakıda sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoqum övzusunda keçirilən beynəlxalq forumlar bir yandan sözügedən sahədə Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək məqsədi daşıyır, digər tərəfdən isə multikulturalizmə Avropada, bütünlükdə Qərb ölkələrində son zamanlarda müşahidə olunan inamsızlığın aradan qaldırılmasına xidmət göstərir. Müəyyən mənada, Azərbaycanın multikulturalizmin mühüm regional, hətta beynəlxalq mərkəzinə çevrildiyini söyləmək həqiqətin etirafı kimi qavranılmalıdır. Tam məsuliyyətlə iddia etmək mümkündür ki, bir çox Avropa ölkələri, beynəlxalq təşkilatlar ölkəmizi məhz multikultural dəyərləri mənimsəmiş, özünün həyat tərzinə çevirmiş və bu sosial-mənəvi hadisəyə möhtəşəm töhfələr verən cəmiyyət olaraq qəbul edir və dəyərləndirir»- deyə, Əli Əhmədov vurğulayıb.