YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli addımlar

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.  Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə xalqa öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.

Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox böyük tədbirlər həyata keçirilib. Bundan əlavə, orduda islahatların aparılması, yeni komando briqadalarının yaradılması xalqımızın təhlükəsiz yaşaması naminə ölkə rəhbərliyinin dövlətimizin müdafiəsinə ayırdığı diqqətin göstəricisidir.