YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anti-Azərbaycan qüvvələrin bəd niyyətləri iflasa məhkumdur

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Builki prezident və parlament seçkiləri müstəqillik tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazilərində keçirildi. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı milli birlik nümayiş etdirərək 30 il davam edən işğala son qoydu. Şanlı ordumuz tarixi qələbələrlə öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi. 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq.

Prezident İlham Əliyev 23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı mühüm məsələlərdən danışıb. Dövlət başçısı parlament üzvləri qarşısında yeni məqsəd və vəzifələr qoyub. Xüsusən də Vətən müharibəsində və antiterror tədbirlərində qələbəsindən sonra yaranmış yeni reallıqda beynəlxalq hüququn aliliyini təmin etməklə regionda yeni tarixi inkişaf mərhələsi başladan Azərbaycanın diktə edən hərbi-siyasi güc kimi rolu Prezidentin qeyd olunan çıxışında konseptual şəkildə inikas edildiyi üçün bu nitq geosiyasi əhəmiyyətə malikdir.

Cari il fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərindən sonra yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı.

Prezident son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı Qüvvələrin maddi-texniki bazasının daim modernləşdirilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi. Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin bu mənfur dövləti silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir. Anti-Azərbaycan qüvvələrin bəd niyyətləri iflasa məhkumdur.

Azərbaycan dövləti mövcud potensialından istifadə edərək əhalinin təhlükəsizliyini yüksək səviyyədə təmin edir, habelə ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir. Bütün bunlar təbii ki, xalqımızın daha xoşbəxt və firavan gələcəyinə hesablanıb.