YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkəmizin qarşısında dayanan vəzifələri açıqladı. Tarixi Zəfərimiz Azərbaycanın hansı imkanlara malik olduğunu təqdim etsə də, postmüharibə dövründə ordu quruculuğu prioritet məsələlər sırasındadır. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, şanlı ordumuz daha da güclənir. Təbii ki, ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük lokal antiterror tədbirləri bunun təsdiqi oldu.

Cənab İlham Əliyevin fikirləri ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin uğurları barədə ümumi mənzərəni təqdim etdi. Bildirdi ki, bununla bərabər,  arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.

Dövlət başçısı əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcək.

Müdafiə gücümüzün artırılması ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpası da prioritet məsələlər sırasındadır. Hazırda bu torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Cənab İlham Əliyev bu istiqamətdə görülən işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı fonunda diqqətə çatdırdı. Bu günə qədər 8 mindən çox keçmiş məcburi köçkün Qarabağa və Şərqi Zəngəzura yerləşib.

Prezident İlham Əliyev hədəfləri açıqlayarkən iqtisadiyyatın inkişaf etdirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Bu gün heç kimdən asılı olmayan Azərbaycan iqtisadi inkişafı ilə diqqətdədir. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Xarici borcumuz ildən-ilə aşağı saldı və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir.

Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan yaxın zamanlarda mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu tədbir bir daha onu gösərir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir. COP29 Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin göstəricisidir. Ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi diqqətdədir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir.