Xəbərlər
Zəfər salnaməsinin şanlı 44 günü
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələri Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu. Bu hərbi təcavüzə cavab olaraq, şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin əmri ilə sürətli əks-hücum əməliyyatı başladı. Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Millətimiz bir yumruq kimi həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu.
Azərbaycan Ordusu qətiyyəti, döyüş və mənəvi-psixoloji hazırlığı ilə düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını, yenilməz ordu mifini darmadağın etdi. Cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər. Sürətlə irəliləyən ordumuz bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. “Dəmir yumruq” əməliyyatı xalq-ordu birliyinin rəmzinə çevrildi. Azərbaycan xalqı və rəşadətli ordumuz son 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub.
Güclü ordunun yaradılması dövlət başçısının hər zaman diqqət yetirdiyi prioritet istiqamətlərdən biri olub. Cənab İlham Əliyev 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı- canı bahasına. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Ordumuzun gücü hesabına düşmənin kapitulyasiyası əldə olundu”.
Prezident İlham Əliyev adını Azərbaycan tarixinə müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan kimi yazdırdı. Çünki uzun illər tarixi torpaqlarını itirməyə məhkum olmuş xalqımızın milli mənliyini, qürurunu özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı.
2020-ci il dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu, Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı, xalq-ordu-iqtidar birliyinin rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Qələbə simvolu kimi Azadlıq meydanına gətirildi.
Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə keçirilmiş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” demişdi. Dövlət başçısının bu vədi reallığa çevrildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər dövlət başçısının bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür.
Bu gün cənab İlham Əliyevin yürütdüyü siyasət, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu baxımdan aparılan islahatlar dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması vaxtında aparılan islahatlarla bağlıdır.
Xalqımız hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Əlbəttə, bu Sərəncam şəhidlərin ruhuna, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür.