YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haqq və ədalət uğrunda

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

XX əsrin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bunun nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması üçün 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı Bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutması nəticəsində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən erməni işğalına son qoyuldu. Tarixi qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər.

Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Əlbəttə, bu Sərəncam da şəhidlərin ruhuna, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür. Müzəffər ordumuzun yazdığı tarix gələcək üçün möhkəm bünövrədir.