Xəbərlər
Yeni hədəflər ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilaatının sədri
Cari ilin sentyabr ayının 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev yeni seçilmiş Milli Məclis üzvləri qarşısında ölkəmizin gündəmini zəbt edən əsas siyasi-iqtisadi məsələlər haqqında çıxış edib.
Dövlətimizin başçısı builki prezident və parlament seçkilərinin müstəqillik tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazilərində keçirildiyini diqqətə çatdırdı. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi.
Azərbaycan Prezidenti çıxışında bir sıra vacib məqamlara toxunaraq İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin edildiyini xatırladıb, bunun yeni fürsətlər yaratdığına diqqət çəkib, gələcək fəaliyyətin hədəf və prioritetlərini açıqlayıb. Cənab İlahm Əliyev Paşinyan hakimiyyətinin üzdə ayrı, əməldə başqa olduğunu vurğulayaraq Fransa başda olmaqla, Qərb dövlətlərinin Ermənistanı silahlandırmasından söz açıb, rəsmi İrəvandan yeni təxribatın hər an gözlənildiyini vurğulayıb.
Dövlət başçısı, həmçinin Ermənistanın əslində sülh istəmədiyini, vaxt uzatdığını və bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensialını gücləndirmək istədiyini bildirib.
Prezident İlham Əliyev, beynəlxalq müstəvidə Azərbayacana qarşı yönəlmiş müxtəlif təzyiq cəhdlərinə münasibətdə ölkəmizin əzmini və iradəsini bir daha ortaya qoyaraq, xarici aləmə tutarlı mesajlar verdi. Azərbaycanın iqtisadi gücü, müasir ordusu, xalq-iqtidar birliyi tarixi Qələbəmizi təmin edən başlıca amillər oldu. Əsrlər boyu torpaq itkisinin ağrısı ilə yaşamış xalqımız bu ənənəyə son qoyaraq tarixinin daha bir şanlı qəhrəmanlıq salnaməsini yaratdı. İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası ölkəmiz qarşısında yeni imkanlar və üfüqlər açır. Artıq Azərbaycan beynəlxalq aləmə əzmkar çağırışlar ünvanlayır.
Azərbaycan prezident və parlament seçkilərini beynəlxalq hüquqla tanınan bütün ərazilərində demokratik qaydada keçirməklə həm də müasir, müstəqil dövlət obrazını dünyaya təqdim etmişdir.