Xəbərlər
Postmüharibə dövrü müstəsna əhəmiyyət kəsb edən hadisələrlə zəngindir
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxışında mühüm məsələlərdən bəhs edib. Prezident parlamentin öz işi ilə ölkəmizin hərtərəfli inkişafına töhfə verəcəyini qeyd edib. Builki prezident və parlament seçkilərinin müstəqillik tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçirildiyi vurğulanıb. İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra yeni bir reallıq yarandığı, dünya miqyasında bunun tarixi hadisə kimi səciyyələndiyi diqqətə çatdırılıb.
30 illik erməni işğalına xalqımızın birliyi, gücü və əzmi sayəsində son qoyuldu. Azərbaycan artıq dünya miqyasında ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş bir dövlət kimi özünün yeni hədəfləri ilə önə çıxır. Bu mənada 2024-cü il müstəsna əhəmiyyət kəsb edən hadisələrlə zəngindir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsinin ölkəmiz qarşısında yeni imkanlar açdığını bildirən dövlətimizin başçısı 30 ilin işğalının arxada qaldığını, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, inkişaf işlərinin icra edildiyini vurğulayıb.
Başlıca amil milli təhlükəsizliyin təmin edilməsidir. Dövlətimizin hərbi gücünün artırılması bu mənada xüsusi önəm kəsb edir. Prezidentin bu sahəyə diqqəti qarşıya yeni vəzifələr qoymaqla yanaşı, hər kəs üçün də vacib bir mesaj hesab edilir. Postmüharibə dövrründə Azərbaycanın öz hərbi gücünü artırması, yeni silahlı birləşmələrin yaradılması, xüsusi təyinatlı qüvvələrin say tərkibinin bir neçə dəfə artırılması, yeni Komando Qüvvələrinin, digər xüsusi təyinatlı silahlı birləşmələrin yaradılması mühüm amildir. Eyni zamanda, ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi olduqca önəmlidir.
Ermənistanın Fransa və digər Qərb ölkələrinin hərbi yardımı fonunda silahlandırılması kimi faktlar bu istiqamətdə davamlı işlərin görülməsini labüd edir. Bu kimi təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhu sayəsində lazımı cavab verildiyi də məlumdur. Bütün bunlarla yanaşı, ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar da mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda gənc nəslin milli ruhda böyüməsi olduqca önəmli faktordur. Çünki bu günkü gənclik Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır.
Qarşıda duran əsas məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Müharibədən sonra bu ərazilərin bərpası üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Hazırda bu istiqamətdə işlər yüksək sürətlə davam edir. Artıq bu uğurlu işlərin nəticəsi olaraq 8 mindən çox keçmiş köçkün artıq azad edilmiş ərazilərə köçürülüb. Həmin ərazilərdə məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır.
Prezident nitqində bildirib ki, 8 ayda ölkə iqtisadiyyatında 4 faizdən çox artım olub, qeyri-neft sektorunda artım 7 faiz artım qeydə alınıb. Eyni zamanda son beş ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını söyləyən dövlətimizin başçısı gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirib. Bütün bunlar ölkəmizdə həyata keçirilən sosial siyasətin davamlılığını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişlənməsi amilləri hesabına təmin edilib.
Hazırda Ermənistanla münasibətlərin normallaşması, sülh danışıqları və digər məsələlər istiqamətində müzakirlərin davam etdiyi də deputatların nəzərinə çatdırıldı. Sülh təşəbbüsünün Azərbaycan tərəfindən irəli sürülməsinə baxmayaraq hazırda Ermənistanı süni şəkildə məsələni uzatmağa çalışır. Görünən odur ki, daim havadarlarının diktəsi ilə oturub-duran Ermənistan mümkün qədər sülh prosesini uzatmaqla özünün çirkin niyyətlərini reallaşdıracağına ümid edir. Bu xüsusda Avropa İttifaqının missiya adı altında Ermənistana göndərmiş olduğu qruplar və digər faktlar bu ölkəni sülh prosesini pozmağa həvəsləndirir.
Tarixi Zəfərdən sonra ölkəmizin xarici siyasətində fərqli istiqamətlərin olduğu da dövlət başçısı tərəfindən qeyd edilib. Bu, müstəqil, prinsipial xarici siyasətin əsas istiqamətləri hesab edilir. Sözsüz ki, Azərbaycan ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Bu mənada Azərbaycan diktə yolunu, ittiham, qaralama metodlarını heç vaxt qəbul etməyəcək və buna qarşı özünün bütün imkanları ilə layiqli formada mübarizə aparacaq. Azərbaycan ləyaqətli, qürurlu dövlət kimi tarixi Zəfərdən sonra beynəlxalq nüfuzu daha da güclənib. Ölkəmiz bir çox məsələlərə görə artıq beynəlxalq ictimaiyyətin dəstəyini qazanmış ən etibarlı tərəfdaşdır. Bunun bariz nümunəsi COP29-un Azərbaycanda keçirilməsidir. Məhz 200-ə yaxın ölkə tərəfindən qəbul edilmiş bu tarixi qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hörmətinin göstəricisidir.