YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya ictimaiyyətinə növbəti mühüm mesajlar

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunub, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Forum çərçivəsində 30 ölkədən gələn, nüfuzlu beyin və tədqiqat mərkəzlərini təmsil edən  ekspertlərin suallarını cavablandırıb, Azərbaycanın haqq işi və regionumuzla bağlı həqiqətlərlə bağlı dünya ictimaiyyətinə mühüm mesajlar verib, qlobal və regional problemlərə dsir önəmli məqamları diqqətə çatdırıb. Dövlət başçısı 44 günlük Qarabağ müharibəsinin əsas səbəbinin Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi. Prezident İlham Əliyevin  qətiyyəti, prinsipial mövqeyi nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi, Qarabağı qanunsuz hərbi birləşmələrindən və terrorçulardan təmizlədi. Azərbaycan Lideri öz yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlər üçün hər bir şərait yaradılması, azad olunmuş ərazilərin bərpası prosesinin sürətlə getməsi haqqında da fikir söyləyib. Keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılır. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər “Böyük Qayıdış”ın yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir: Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bütün istiqamətlərdə uğurla inkişaf etdirilən “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Həmin regionlarda yaşayan insanların rahatlığının təmini üçün bütün qurumlar güclərini səfərbər ediblər. Ötən üç ildə atılan addımların ən böyük hədəfi budur – Azərbaycan vətəndaşı Qarabağda rahat yaşamalıdır.Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur 300 min sakini qarşılamağa hazırlaşır.

Dövlət başçısı Forumda Ermənistanla davamlı sülhə nail olunmasının başlıca amilinin İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi olduğunu bildirib. Prezident İlham Əliyev çıxışında Azərbaycan İrəvanla müharibəyə can atmadığını vurğulayıb və sülh müqaviləsinin bağlanması üçün Ermənistanda revanşist cəhdlərin olmayacağına zəmanət tələb edib. İmzalanacaq sülh müqaviləsi formal xarakter daşımamalıdır. Avropanın bəzi ölkələrinin Ermıənistana təxribatçı məsləhətləri dağıdıcı məsləhətlərə çevrilə bilər. Belə olan halda isə “Dəmir yumruğun” işə düşməsi üçün zəmin yarana bilər. Dövlət başçısının qeyd etdiyi kimi, “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar... Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min dezertiri, fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər” Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycan ilə Ermənistan arasında danışıqların ikitərəfli olmasının vacibliyinə bir daha diqqəti yönəldib. Dövlət başçısı qeyd edib: “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror tədbirlərinə ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”

Prezident İlham Əliyev keçmiş separatçı rejimin başçılarının əfv olması məsələsinə də toxunaraq vurğulayıb ki, onlar təslim olsaydılar, əfv edilərdilər. Əvəzində isə onlar Bakıya tanklarda daxil olacaqlarını deyirdilər, indi isə məhkəmənin qərarını gözləyirlər. Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələsinə və Azərbaycanın bunda maraqlı olub-olmadığına gəldikdə isə, dövlətimizin başçısı bu məqama da müfəssəl şəkildə aydınlıq gətirdi. Bildirdi ki, rəsmi Bakının təklif etdiyi “reinteqrasiya” sözünün özü belə, keçmiş qondarma rejimin təmsilçiləri tərəfindən kinayə ilə qarşılanıb. Faktiki xunta rejiminin girovluğunda yaşayan sıravi ermənilərə təklif olunan reinteqrasiya proqramından yararlanmağa imkan verilməyib. Halbuki onlara Avropa Konvensiyalarına tam uyğun şəkildə ana dilində təhsil, dini, mədəni və bələdiyyə hüquqları, hətta 2024-cü ildə öz bələdiyyələrinin rəhbərliyini seçmək imkanı təklif olunmuşdu. Bakının reinteqrasiya prosesini asanlaşdırmaq məqsədilə ermənilər üçün yaratdığı elektron portal indi də işlək vəziyyətdədir.

Ümumilikdə dövlətimizin başçısı Forumda Azərbaycanın sülh səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini göstərdi. Azərbaycan lideri post-müharibə reallıqlarının regional müstəvidə cərəyan edən prosesləri barədə ətraflı və dolğun məlumat verməklə, hazırkı geosiyasi vəziyyətlə bağlı sualları dəqiq və səmimi şəkildə cavablandırmaqla dünya ictimaiyyətinə növbəti dəfə mühüm mesajlar verdi.