Xəbərlər
Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi

Heydər Əsədov
Milli Məclisin deputatı
Müstəqilliyin ilk illəri Azərbaycan üçün ən mürəkkəb və faciəli dövrlərdən biri kimi yadda qaldı. 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilsə də, ölkəyə rəhbərlik edən qüvvələrin səriştəsizliyi nəticəsində respublikada vəziyyət getdikcə daha da gərginləşirdi. Siyasi böhran dərinləşir, müxtəlif qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, sosial vəziyyət ağırlaşırdı. Vətəndaş müharibəsi təhlükəsi reallığa çevrilmişdi, xarici təsirlərin artması, separatçı meyillərin güclənməsi müstəqilliyin itirilməsi ehtimalını aktuallaşdırırdı. Belə bir şəraitdə xalqın gələcəklə bağlı bütün ümidləri tükənmək üzrə idi.
Tarix bir daha sübut etdi ki, xalqın taleyində həlledici məqamlarda xilaskar liderin varlığı hər şeyi dəyişə bilir. Azərbaycan xalqı bu tarixi missiyanı yalnız Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu və müdrikliyində görürdü. Böyük dövlət xadimi 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq dərhal fəaliyyətə başladı. Onun siyasi təcrübəsi və qətiyyəti ölkəni vətəndaş müharibəsindən xilas etdi, dövlətin dağılmasının qarşısını aldı. Qısa müddətdə ölkədə siyasi xaos aradan qaldırıldı, sabitlik və dövlətçiliyin bərpası istiqamətində dönüş yarandı. Xalqımız bu tarixi addımı milli qurtuluş kimi qəbul etdi və Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Xalq öz gələcəyini məhz Ulu Öndər Heydər Əliyevə etibar edərək Ümummilli Lideri böyük səs çoxluğu ilə dövlət başçısı seçdi. Bu, həm də müstəqilliyin qorunması və möhkəmlənməsi naminə verilmiş strateji qərar idi. Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixində andiçmə mərasimində xalqa sədaqətlə xidmət edəcəyinə söz verdi və bu vədini həyatının sonuna qədər şərəflə yerinə yetirdi. Beləliklə, ölkənin inkişafı, sabitliyi davamlı şəkildə möhkəmləndirilməyə başladı.
Heydər Əliyev sosial-iqtisadi sahədə də qətiyyətli addımlar atdı, genişmiqyaslı islahatlar həyata keçirildi, bazar iqtisadiyyatına keçid təmin olundu, sahibkarlıq fəaliyyəti dəstəkləndi, xarici sərmayələr üçün əlverişli mühit yaradıldı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin beynəlxalq enerji layihələrinin əsas aktoruna çevrilməsinə, iqtisadi dirçəlişin təmin olunmasına şərait yaratdı. Bu müqavilə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan dövlətin beynəlxalq mövqelərini gücləndirdi və müstəqil inkişaf yolunun sarsılmaz olduğunu təsdiqlədi.
Hakimiyyətə gəlişinin ilk illərində Heydər Əliyevin qarşısında duran ən mühüm vəzifə dövlətin siyasi sabitliyini təmin etmək idi. Qanunsuz Silahlı dəstələrin fəaliyyətinə son qoyuldu, çevriliş cəhdlərinin qarşısı alındı, mərkəzi hakimiyyətin gücü bərpa edildi. Bununla yanaşı, hüquqi dövlət quruculuğuna başlanıldı, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya Azərbaycanı demokratik və dünyəvi dövlət kimi təsbit etdi. Bu sənəd müstəqilliyin möhkəmlənməsində həlledici rol oynadı, insan hüquq və azadlıqlarının qorunmasına hüquqi təminat verdi, qanunun aliliyini dövlət idarəçiliyinin əsası səviyyəsinə yüksəltdi. Həmin illərdə vətəndaş cəmiyyətinin formalaşması, demokratik ənənələrin inkişafı üçün bünövrə qoyuldu.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət yalnız milli həmrəylik və ideoloji birliyə əsaslana bilər. Onun formalaşdırdığı azərbaycançılıq ideologiyası xalqımızı vahid amal ətrafında birləşdirdi. Müstəqilliyin qorunması və möhkəmləndirilməsi naminə hər kəsin səyləri bir istiqamətə yönəldi. Bu ideologiya həm də müstəqil dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi üçün möhkəm əsaslar formalaşdırdı.
Dövlətin gücünü təmin edən əsas amillərdən biri də ordu quruculuğu idi. Heydər Əliyev Silahlı Qüvvələrin gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Peşəkar hərbi kadrların hazırlanması, nizam-intizamın bərqərar edilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində geniş tədbirlər görüldü. Ordunun möhkəmlənməsi sonrakı illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici amillərdən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyev ölkədaxili sabitliyi təmin etməklə yanaşı, xarici siyasətdə də balanslaşdırılmış və uzaqgörən yanaşma nümayiş etdirirdi. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, ölkəmiz regional və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi tanındı. Ermənistanın işğalçılıq siyasəti ifşa olunur, dövlətimizin mövqeyi beynəlxalq təşkilatlarda müdafiə edilirdi. Bu siyasət nəticəsində Azərbaycan dünya birliyi ilə inteqrasiya prosesinə qədəm qoydu və qısa zamanda beynəlxalq münasibətlərdə nüfuzlu mövqe qazandı.
Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir, Prezident İlham Əliyev bu mütərəqqi yolun layiqli davamçısı kimi Azərbaycanı yeni zirvələrə yüksəltdi. Onun rəhbərliyi ilə ölkəmiz həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan daha da gücləndi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərə nail oldu və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Bu gün respublikamız beynəlxalq aləmdə qüdrətli, söz sahibi olan və nüfuzlu dövlət kimi tanınır.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müdrik siyasəti bugünkü müstəqil və qüdrətli Azərbaycanın dövlətinin təməlini qoydu. Həmin illərdə formalaşmış siyasi irs hazırda ölkəmizin inkişafını təmin edən ən mühüm dayaqlardan biridir. Azərbaycan xalqı bu təməllər üzərində qurulmuş müasir, sabit və nüfuzlu dövlətin sahibi olaraq parlaq gələcəyə doğru inamla addımlayır.