Xəbərlər
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə mühüm töhfədir

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlər sırasındadır. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı da edir ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
Tarixi Zəfərimiz bu birliyin daha da möhkəmlənməsini şərtləndirdi. Hazırda yeni dünya nizamının formalaşması da öz növbəsində bu birliyə, həmrəyliyə çağırış edir. Qarşılıqlı səfərlərin dinamikliyi, yeni əməkdaşlıq formatlarının yaradılması, birgə addımların atılmasını zəruri edən sənədlərin imzalanması və sair günümüzün reallıqları sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, təkbətək və geniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi, liderlərin iştirakı ilə sənədlərin imzalanması və mətbuata bəyanatları özündə mühüm məqamları ehtiva edir. Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan və türkmən xalqları arasında əlaqələrin tarixi qədimdir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdə də bu reallıqlar bir daha diqqətə çatdırıldı. Ölkələrimiz arasında münasibətlərin başlanğıcını tarixin dərinliklərindən götürdüyünü qeyd edən Qurbanqulu Berdiməhəmmədov onu da bildirdi ki, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimiz məhz bu təməl üzərində inkişaf edir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürülür. Dövlətimizin başçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, türkmən və Azərbaycan xalqları sözün əsl mənasında qardaşdılar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Hər iki ölkə müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar. Tez-tez reallaşan səfərlər bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.
Vüqar Rəhimzadə qeyd edib ki, səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri məhz Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Prezident İlham Əliyev çıxışında həm Azərbaycan-Türkmənistan, həm də Azərbaycan-Özbəkistan əlaqələrinin dünəninə, bu gününə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri geniş müzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.
Əməkdaşlıq əlaqlərinin inkişafında enerji amili əhəmiyyətli rol oynayır. Hər üç ölkənin energetika sahəsində mövcud imkanları əlməkdaşlığı şərtləndirir. Azərbaycanın Türkmənistanla ənənəvi energetika əməkdaşlığı var. 2021-ci ildə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirir. Bu yataq iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb, qardaşlaşdırıb. İki enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir. Ölkəmiz Özbəkistanla da bu sahəyə artıq qədəm qoyub. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalayıb. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlara söykənərək belə bir əminliyi ifadə etdi ki, yaxın bir-iki il ərzində gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini hamımız səbirsizliklə gözləyirik.
Millət vəkili qeyd edib ki, son illər türk dövlətləri, o cümlədən Türkmənistanla əlaqələrin inkişafı baxımından mühüm mərhələdir. Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkəmizdə səfərdə oldu. Həmçinin səfər çərçivəsində Füzuli rayonunda və Şuşa şəhərində olaraq həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində Füzuli şəhərində məsçidin inşa olunması barədə qərar həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaq. Həmçinin Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolun imzalanması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Münasibətlərimizin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsindən sonra liderlər mətbuata bəyanatlarında bir daha qarşıdakı dövrün hədəflərinə diqqəti yönəltdilər. Bu görüşü tarixi gün kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğuladı ki, tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə üçrərəfli görüşün böyük əhəmiyyətə malik olduğunu önə çəkərək qeyd etdi ki, bu görüş üçtərəfli əlaqləri gücləndirmək üçün yeni imkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün çox çalışmalıyıq.