Xəbərlər
Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri dövlət siyasətində vətəndaş amilinin əsas olduğunu göstərir

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə səfərləri xüsusi əhəmiyyət kəsb edir. Bu səfərlər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri dövlət siyasətində vətəndaş amilinin əsas olduğunu göstərir. Sözsüz ki, Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi baxımından bölgənin iqtisadi və siyasi əhəmiyyəti olduqca böyükdür.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Kəlbəcər və Ağdərə rayonlarına etdiyi səfər, post-münaqişə dövrünün inkişaf strategiyasının növbəti mühüm mərhələsi hesab edilir: “Bu səfər yalnız infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa olunduğu ərazilərdə yeni həyatın başlanğıcının rəmzi kimi də dəyərləndirilir. Kəlbəcər və Ağdərə rayonları Azərbaycanın tarixi, strateji və coğrafi baxımdan mühüm bölgələrindəndir. Kəlbəcər, zəngin təbii sərvətləri, mineral ehtiyatları və möhtəşəm təbiəti ilə tanınır. Ağdərə isə Qarabağ bölgəsinin şimal-şərq hissəsində yerləşməklə mühüm hərbi-strateji mövqeyə malikdir. 2020-ci il 44 günlük Vətən müharibəsi nəticəsində bu ərazilərin onun əsl sahbinin, Azərbaycan nəzarətinə qaytarılması, regionun təhlükəsizlik arxitekturasını dəyişdirdi”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin bu bölgələrə mütəmadi səfərləri, orada dövlət suverenliyinin bərqərar olduğunu göstərməklə yanaşı, beynəlxalq ictimaiyyətə də mesaj xarakteri daşıyır: “Azərbaycan azad olunmuş torpaqlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri görülür. Bu səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm obyektlərin açılışında iştirak edib. Bunlar arasında yeni yol infrastrukturunun istifadəyə verilməsi, energetika və su təchizatı sistemlərinin qurulması, kəndlərin bərpası və sosial obyektlərin inşası xüsusi qeyd olunmalıdır. Sözsüz ki, Kəlbəcərdə açılan yeni elektrik stansiyası bölgənin enerji müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır. Yol infrastrukturu – xüsusilə İstisu-Kəlbəcər avtomobil yolu – təkcə iqtisadi baxımdan deyil, həm də turizm və sosial əlaqələrin inkişafı üçün baza funksiyası daşıyır. Prezidentin Ağdərə rayonuna səfəri isə bölgənin inzibati-hüquqi statusu ilə bağlı strateji mesajlar ehtiva edir. Azərbaycan bu ərazilərdə nəinki hərbi, eyni zamanda inzibati-institusional nəzarətini bərpa edir və burada normal həyat üçün əsas şərtləri yaradır. Eyni zamanda Prezidentin bu səfəri həm daxili, həm də beynəlxalq auditoriyaya ünvanlanmış çoxqatlı mesajlarla zəngin oldu. Bu, həmçinin Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini göstərir”.
Sevinc Hüseynova hesab edir ki, Prezident İlham Əliyevin Kəlbəcər və Ağdərə rayonlarına səfəri Azərbaycanın post-müharibə dövründə həyata keçirdiyi yenidənqurma və reinteqrasiya strategiyasının konkret nəticələrini nümayiş etdirir: “Bu səfər yalnız infrastruktur və iqtisadi inkişafla bağlı deyildi – o, həm də milli qürurun, dövlətçilik ideyasının və suverenliyin təsdiqi idi. Azərbaycan bu bölgələrdə həyatın bərpasına siyasi iradə ilə yanaşır və hər addımda planlı, ardıcıl və strateji yanaşma nümayiş etdirir. Bu isə bölgənin uzunmüddətli sülhə, sabitliyə və rifaha aparan yolunun əsas təminatıdır. Dövlətimizin başçısı Kəlbəcər və Ağdərəyə qayıdan sakinlərlə görüşündə verdiyi mesajlar bu xüsusda olduqca önəmlidir. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında sülh istiqamətində konkret addımların atılmasına diqqəti çəkib. Vurğulanıb ki, buna baxmayaraq Azərbaycan xalqı 30 il ərzində ərazilərimizdə həyata keçirilmiş soyqırım, etnik təmizləmə və barbarlıq faktlarını unutmur. Keçmiş dövrün qalığı kimi və heç bir halda sabiq münaqişə vəziyyətinin həllində müsbət rolu olmayan ATƏT-in Minsk Qrupu artıq tarixin arxivinə göndərilir. Eyni zamanda Azərbaycan bu gün bölgədə sülh və əməkdaşlığın əsas təşəbbüskarıdır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan hər zaman sülh tərəfdarı olsa da istənilən təhdidə və təxribata qarşı özünün gücünü nümayiş etdirməyə qadirdir”.