Xəbərlər
Deputat ictimaiyyət nümayəndələri ilə görüşüb

Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.
Görüşlərdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri, Sumqayıt Ağsaqqallar Şurasının təmsilçiləri, şəhid ailələri, müharibə veteranları və qazilər iştirak ediblər.
S.Salmanova görüş iştirakçılarına Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri, keçirilən görüşlər və imzalanmış Birgə Bəyannamə haqqında ətraflı məlumat verib. Bildirib ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun gələcəyi üçün mühüm tarixi əhəmiyyət daşıyır. Birgə Bəyannamədə yer alan ən mühüm müddəalardan biri də Azərbaycanla Naxçıvan arasında quru yolu ilə nəqliyyat əlaqəsinin qurulması, Zəngəzur dəhlizinin açılmasıdır
Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulmasına dair müraciət və ABŞ Prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na edilmiş 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalaması mühüm hadisə kimi qəbul olunur.
Səmimi dialoq mühitində keçirilən görüşlərdə iştirakçılar çıxışlar ediblər, müxtəlif məsələlərlə bağlı suallar və təkliflər səsləndiriblər.