Xəbərlər
Masallıda şəhidlərin xatirəsi hər zaman əziz tutulur

Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin hörmətlə yad edilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram göstərilməsi Masallı rayonunda da prioritet məsələ olaraq diqqət mərkəzində saxlanılır.
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən şəhid qardaşların əziz xatirəsinə yaradılmış “Şəhid Qardaşlar” ev muzeyi ziyarət olunub.
Ziyarət çərçivəsində YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşkilat əməkdaşları və fəal gənclər Viləş kəndində Aprel döyüşləri şəhidi Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə yaradılmış ev muzeyini ziyarət ediblər.
Tədbir iştirakçıları əvvəlcə Viləş kəndində şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Daha sonra ev muzeyində şəhidlərin şəxsi əşyaları, dövlət təltifləri, hərbi xidmətləri dövründə aldıqları təşəkkürnamələr, geyimləri və ailə fotoları ilə tanış olublar. Muzey ziyarəti zamanı şəhid qardaşların valideynləri – Ziba Əsgərova və Bayram Əsgərov övladlarının həyat yolu, döyüş şücaətləri və muzeyin yaradılması ilə bağlı xatirələrini bölüşüblər.
Seyfəddin Əliyev çıxışı zamanı qəhrəman Vətən övladlarının valideynlərinə təşəkkür edib.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edib.