YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini ehtiva edir

Meydanəli Yolçiyev

YAP Daşkəsən rayon təşkilatının sədri

Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Bu bayram yalnız baharın gəlişini deyil, həm də milli birlik, həmrəylik, mənəvi dəyərlər və tarixi ənənələrin canlanmasını simvolizə edir. Novruz Azərbaycan mədəniyyətinin və tarixinin ayrılmaz bir hissəsi olmaqla yanaşı, bütün dünyada tanınan bir bayramdır.

Bu bayram yalnız təbiətin oyanışı deyil, həm də insanların bir-birinə qarşı məhəbbət, hörmət və tolerantlıq hisslərinin gücləndiyi bir dövrdür. Ulu Öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixli çıxışında qeyd edib ki, Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq, ölkəmizin ərazi bütövlüyünü bərpa edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra xalqımız Novruz bayramını azad edilmiş torpaqlarda qeyd etməyə başlayıb.

2021-ci ildə dövlətimizin başçısı Şuşada, Cıdır düzündə bayram tonqalını yandırdı. Bu, tarixi bir hadisə idi, çünki Azərbaycan xalqı uzun illər sonra öz doğma torpaqlarında Novruz bayramını qeyd edirdi. 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə isə Xankəndidə Novruz bayramı tədbirləri keçirildi. Bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini simvolizə edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyi nəticəsində 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi bu beynəlxalq təşkilatın Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib. Bu qərar Novruz bayramının ümumbəşəri dəyər kimi tanınmasını təsdiqləyib. 2016-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası həyata keçirilib. Bu kampaniya çərçivəsində Azərbaycanın bütün regionlarında yüz minlərlə ağac əkilib və yeni parklar salınıb. 2020-ci ildə “Nəsimi İli”ndə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilib. Bu təşəbbüs Novruz bayramının ekoloji və sosial tərəflərini nümayiş etdirir.

Novruz bayramı Azərbaycan xalqının milli adət-ənənələrinin, folklorunun və incəsənətinin ayrılmaz bir hissəsidir. Bu bayramda “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” kimi ənənəvi adətlər yerinə yetirilir.

Müstəqil Azərbaycan güclü dövlət kimi Novruzu daha böyük qürur və sevinc hissi ilə qeyd edəcək. Bu bayram bizə tariximizin, mədəniyyətimizin və milli kimliyimizin nə qədər zəngin və dəyərli olduğunu xatırladır.