YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Pakistan münasibətləri möhkəm təmələ əsaslanır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı.” Dövlət başçısı İlham Əliyev  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdə ölkəmizə rəsmi səfərini belə dəyərləndirərək onu da bildirdi ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir.  Beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Aramızda daha sıx tərəfdaşlıq olacaq. İqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.

Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Cənab İlham Əliyevin Pakistanın Baş naziri ilə geniş tərkibdə görüşündə də ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Bütün planların icra olunacağına əminlik ifadə olundu. Nəqliyyat və kommunikasiyalar əsas müzakirə mövzusu oldu. “Müzakirə etdiyimiz digər mühüm sahə bağlantı və daşımalardır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, beynəlxalq daşımalar dəhlizlərinin ayrılmaz hissəsi olan Azərbaycanın daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə cənab Baş nazirə planlarımız, müqavilələr və imzaladığımız razılaşmalar barədə məlumat verdim. Əlbəttə ki, bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət bizim regionlarda daha proqnozlaşdırılan olur. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır.

Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

Bundan əlavə, Pakistan və Azərbaycan arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qruplar fəaliyyət göstərir. Bu işçi qruplar qarşılıqlı investisiya imkanlarını dəyərləndirir və sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində addımlar atır. Bütün bu təşəbbüslər, layihələr və əməkdaşlıq istiqamətləri Azərbaycanın və Pakistanın iqtisadi-ticari münasibətlərinin daha da güclənməsinə xidmət edir.

Ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. İllərdir Pakistan Hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir.

Son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər.  Prezident İlham Əliyev  ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşərək iki ölkə arasında əməkdaşlıq əlaqələri geniş müzakirə edilmişdir.

Ümumilikdə Azərbaycan-Pakistan münasibətlərinin uğurlu inkişafı dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Möhkəm dostluğa və qardaşlığa əsaslanan bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın Vətən müharibəsində Qələbəsi, antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar, əməkdaşlıq imkanları ikitərəfli, eyni zamanda, çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.