Xəbərlər
Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə müqəddəs Ramazan və Novruz bayramları münasibətilə yardım aksiyası keçirilib.
Aksiya çərçivəsində rayon ərazisində yaşayan 120 şəhid, qazi və aztəminatlı ailəyə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn müqəddəs Ramazan bayramı və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirib, həmçinin onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, təşkilat sədri müharibə zamanı sağlamlığını itirmiş qazilərimizin və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin də daim diqqətdə saxlanıldığını qeyd edib.
Aksiyada YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatlarından "Baku Steel Company" QSC iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıb.
Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, humanitar yardım aksiyası 17-18 mart tarixlərini əhatə edib.
