Xəbərlər
“Novruz milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzidir”
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının, Göygöl Mədəniyyət sektorunun və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Novruz milli-mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzidir” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov, Göygöl Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov və digərləri bildiriblər ki, Azərbaycan xalqı Novruz ənənələrinə uyğun olaraq daim haqq-ədaləti və mənəvi dəyərləri əsas tutaraq digər xalqlarla dostluq, həmrəylik və əmin-amanlıq şəraitində yaşamağa üstünlük verir. Qeyd olunub ki, Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir və İslamdan əvvəlki dövrlərə təsadüf edir. Bu bayram Azərbaycanla yanaşı, bütün Şərq ölkələrində qeyd olunur.
Natiqlər Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” fikrini xatırladaraq vurğulayıblar ki, bu arzu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrilib. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və bu gün artıq həmin ərazilərdə Novruz bayramı qeyd olunur.
