YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq dəyərlər, birgə maraqlar...

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Qardaş Pakistan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulub. Bu dost dövlət Azərbaycanın  sıx dostluq və qardaşlıq əlaqələri qurduğu ölkələrdəndir. İki qardaş ölkə arasında qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Azərbaycanla Pakistan əlaqələri ən yüksək səviyyədədir.

Məlum olduğu kimi,  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 23-də ölkəmizə dövlət səfəri edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırki inkişaf səviyyəsi müzakirə edilmiş, gələcək perspektivlər müəyyən edilib.

Dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Prezident İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Daha sonra Azərbaycan-Pakistan biznes forumu keçirilib.

İki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi bir daha nümayiş etdirir ki, iki qardaş ölkənin münasibətləri daim inkişaf edir. Eyni zamanda, bu xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirəcəkdir. İmzalanan sənədlər arasında mədəni və humanitar sahələrə xüsusi əhəmiyyət verilib.

Azərbaycan və Pakistan arasında əsas strateji hədəflər iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsidir. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq, dostluq, əməkdaşlıq münasibətlərindən bəhs edib. Dövlət başçısı qarşılıqlı səfərlərin bütövlükdə ölkələrimiz arasında sıx münasibətləri əks etdirdiyini bildirib.

Azərbaycan Prezidenti ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə edərək iki ölkə arasında sıx tərəfdaşlığın vacibliyini bir daha vurğuladıqlarını bildirib. Görüşdə ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyəti bir daha qeyd olunub.

Dövlətimizin başçısı qeyd edib ki, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

“Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik.”, - deyə qeyd edən Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin cəmi bir neçə on milyonla ölçüldüyü məyyusluq doğurduğunu bildirib, ticarət dövriyyəsinin artırmağın vacibliyini vurğulayıb. Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları olduğunu qeyd edilib. Prezident İlham Əliyev hazırda bir neçə ay əvvəl Pakistan tərəfindən alınan layihələrin qiymətləndirildiyini diqqətə çatdırıb.  

Dövlət başçısı çıxışında  iki ölkə arasında imzalanan razılaşmalardan da bəhs edib. Bu gün imzalanmış razılaşmaların bunula məhdudlaşmadığını vurğulayıb. Bir çox sazişlərin digər auditoriyalarda artıq imzalandığını və Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayının 10-dan artıq olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığın müzakirə etdilən əsas məsələlərdən biri olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.

Azərbaycan-Pakistan əlaqələrinin möhkəmlənməsi təkcə iki ölkənin strateji maraqlarına xidmət etmir, eyni zamanda, regionda sabitlik və rifaha töhfə verir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığın genişlənməsi qarşılıqlı etimadı gücləndirir. Qardaşlıq münasibətlərinə əsaslanan bu tərəfdaşlıq gələcəkdə daha səmərəli layihələr və birgə təşəbbüslərlə zənginləşərək, beynəlxalq səviyyədə mühüm nümunələrdən biri kimi ön plana çıxacaq.