YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın iqlim problemlərinə işıq salır

Əli Hüseynli

Milli Məclisin deputatı

Artıq bir neçə gündür ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi Azərbaycan paytaxtı dünya ictimaiyyətinin əsas diqqət mərkəzindədir. Bu, coğrafi əhatəsi və iştirakçıların sayı baxımından ən böyük beynəlxalq toplantıdır. Belə mötəbər tədbir üçün məkan olaraq məhz Bakının seçilməsi onu göstərir ki, Azərbaycan milli səviyyədə ekoloji-iqlim problemlərinə ciddi yanaşmaqla yanaşı, həm də iqlim gündəyindəki fikir ayrılıqlarının beynəlxalq səviyyədə effektiv həlli üçün platforma ola biləcək bir ölkə kimi yüksək beynəlxalq nüfuza sahibdir.

Bu, heç də təsadüfi deyil. Azərbaycan Respublikası ötən əsrin 90-cı illərindən başlayaraq müstəqil dövlət və beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi hər zaman iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini vermişdir. Xatırlatmaq yerinə düşər ki, bu istiqamətdə görülən işlərə 1993-cü ildən sonra – Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə start verilib. 1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulub, 2000-ci ildə isə Çərçivə Konvensiyasının Kioto protokolunu təsdiq edib.

2003-cü ildən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə daha mühüm addımlar atılıb. Bildiyiniz kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Azərbaycan 1990-cı il ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını məqsəd kimi qarşıya qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Digər bir amil isə dünyanı təhdid edən ən müxtəlif problemlərin müzakirə meydanı kimi həmişə bütün tərəflər üçün faydalı və dəyərli təşəbbüslərlə çıxış edən Azərbaycanın nüfuzlu beynəlxalq platformaların səmərəli fəaliyyətinə münasib şərait yaratmaq imkanları ilə bağlıdır. İstənilən tədbirin məhsuldar nəticələri bütün nöqteyi-nəzərləri dinləməyə, onlardan ortaq məxrəc çıxarmağa və bu əsasda tərəflərə uyğun həll təklif etməyə qadir olan vasitəçi kimi ona ev sahibliyi edən ölkənin imicindən çox asılıdır. Bu baxımdan Bakının çoxlarına nümunə ola biləcək böyük səriştəsi və təcrübəsi vardır.

Prezident İlham Əliyev COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd olunan məsələlərə dair bəyan etdiyi son dərəcə vacib məqamlara diqqət çəkmişdir. O, bildirmişdir ki, “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Həqiqətən də qlobal rakursdan baxsaq, görərik ki, fundamental dəyərlər üzərində təşəkkül tapmış Azərbaycan dövləti bu gün bütövlükdə bəşəriyyəti rifaha və sülhə daşımaq əzmindədir. Erməni işğalının yaratdığı ağır problemlərdən qurtularaq, cənab İlham Əliyevin dediyi kimi, “biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkə qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik”.

Prezident İlham Əliyev enerji təhlükəsizliyinin digər seqmenti haqqında danışarkən Azərbaycanı neft ölkəsi adlandıraraq bunu siyasi təzyiq vasitəsi kimi dövriyyəyə buraxanlara ensiklopedik bilikləri ilə tarix dərsi keçmiş və ölkələrə qiymətin başqa meyarlara görə verilməli olduğunu respublikamızın əldə etdiyi yüksək sosial-iqtisadi və maliyyə göstəricilərinə söyknən ciddi arqumentlərlə əsaslandırmışdır: “Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil… Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir: COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq”.

2020-ci ilin payızında Azərbaycan müqəddəs savaşla öz ərazi bütövlüyünü bərpa edəndə və 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyimiz lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimizi təmin edəndə Qərb dünyası ölkəmizə qarşı ən müxtəlif üsullarla təhdid siyasətini var gücü iə işə salmış, bizi qınaq obyektinə çevirərək qarayaxma kampaniyasına start vermişdi. Bütün bunların fonunda bu gün 200 ölkənin yekdil qərarı ilə COP29-un Bakıda keçirilməsi göstərir ki, onların tutduqları yol qərəzə və ikili standartlara söykənir. Həmin bədxah siyasi dairələrə və onların dəyirmanına su tökən bəzi milli xəyanətkarlara ən tutarlı cavabı da məhz qalib Azərbaycan xalqının müzəffər dövlətinin mətin Lideri İlham Əliyev vermişdir: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbərim var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

DİGƏR Xəbərlər Arxiv