Xəbərlər
Qələbədən yenidənqurmaya aparan uğur dolu yol...
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ən uğurlu əməliyyatlarından biri Zəngilan rayonunun erməni silahlılarından azad edilməsi ilə nəticələndi. Cəbrayılın azad olunmasından sonra Zəngilana yolu açılan şanlı ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi tam nəzarətimizə keçdi. Xüsusilə də, rəşadətli ordumuzun Arazboyu istiqamətində apardığı uğurlu döyüşlərdən sonra Qarabağın cənub sərhədi düşməndən təmizləndi. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alındı.
Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Uğurlu Zəngilan əməliyyatı hərb tariximizin şanlı səhifələrindən biridir.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
M.Vəliyeva qeyd edib ki, çar Rusiyasının ərazilərimizi işğalından sonra Gəncə quberniyasının Zəngəzur qəzasına aid edilmiş Zəngilana ermənilər hər zaman göz dikiblər. Bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasının Qərb hissəsini işğal etdilər. Qərb və cənubdan Azərbaycanın tarixi torpaqları ilə həmsərhəd olan Zəngilan strateji coğrafi əhəmiyyətə malikdir. Ona görə də ermənilər hər zaman bura göz dikiblər. Onlar öz çirkin niyyətlərini 29 oktyabr 1993-cü ildə Zəngilanı 67 gün tam mühasirədə saxlayaraq işğal etməklə həyata keçirdilər. O zaman zəngilanlılar son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verdilər. 27 illik işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan rayonun təbii ehtiyatları talanaraq xarici ölkələrə daşındı. Bununla belə, 27 il yurd həsrəti ilə yaşayan zəngilanlılar torpaqlarının azad ediləcəyinə inamlarını heç vaxt itirmədilər. Şanlı ordumuz Zəngilanın azad edilməsi üçün dünya hərb tarixində yeniliyə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində “Üç nöqtə” əməliyyatı müsbət effektini göstərdi. Bir gün öncədən ərazinin havadan kəşfiyyatı aparıldı, vacib məlumatlar toplandı. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və onlar geri qaçmağa məcbur olublar. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib. Bu cür düşünülmüş hərbi plan sayəsində ordumuz az itki ilə yüksək nəticə əldə etdi. Ağbənd qəsəbəsinin işğaldan azad olunması və dövlət bayrağımızın əraziyə sancılması hər birimizi qürurlandırdı.
Deputat bildirib ki, 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalının təsis edilməsi Müzəffər Ali Baş Komandanın döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımıza böyük diqqətinin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olundu. Təsadüfi deyil ki, bərpa-quruculuq işləri çərçivəsində ilk pilot layihə məhz Zəngilanda icra edildi. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salındı. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Zəngilan şəhərinin sakinləri tezliklə öz doğma yurdlarında məskunlaşa biləcəklər.
Zəngilanı Naxçıvanla cəmi 40 kilometrlik məsafə ayırır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu bizi, Zəngəzur dəhlizi bizi Naxçıvana birləşdirəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq. Mühüm nəqliyyat qovşağında yerləşən Zəngilanda Beynəlxalq Hava Limanının inşası da olduqca əhəmiyyətlidir.
M.Vəliyeva əlavə edib ki, strateji qovşaqda yerləşən Zəngilan həm də iqtisadi baxımdan Azərbaycanın ən inkişaf etmiş rayonlarından olacaq. Aparılan bərpa-quruculuq işləri, yatırılan investisiyalar, təqdim olunan planlar bizə deməyə imkan verir ki, Zəngilan yaxın illərdə həm də regionun ən vacib iqtisadi, nəqliyyat qovşaqlarından biri olacaq.