Xəbərlər
“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilib
Prezident İlham Əliyev “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin – “İxracı və idxalı müvafiq dövlət orqanlarının rəyi alınmaqla aparılan spesifik malların (xidmətlərin və əqli mülkiyyətin) Siyahısı”nın “İdxal” hissəsinin altıncı abzası ləğv edilib.
Nazirlər Kabinetinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
