Xəbərlər
Əsas infrastruktur məsələləri öz həllini tapıb
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Neftdən gələn gəlirlərdən maksimum dərəcədə səmərəli istifadə edilərək qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd etdiyimiz kimi, nəticədə ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin olunur, iqtisadi və sosial sahələrdə keyfiyyətcə tamamilə yeni dəyişikliklər baş verir.
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirildi. Cənab İlham Əliyev son 20 ildə təsdiqlənən Regional inkişaf proqramlarının uğurlu icrasından bəhs etdi. Bildirdi ki, son illər ərzində həm Bakıda, həm bütün bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edilmişdir, İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik.
İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etdi. Bu gün enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrik enerjisini ixrac edirik. Cənab İlham Əliyev müşavirədə vurğuladı ki, vaxt var idi bu məsələ ilə bağlı ciddi problemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrik enerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırıldı. Biz bu gün nəinki öz enerji tələbatımız, həmçinin ixrac yolları haqqında düşünürük. Nəinki düşünürük, onları biz yaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti, qazı dünya bazarlarına ixrac edir və bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə elektrik enerjisini dünya bazarlarına ixrac edəcək. Buna nail olmaq üçün indi qonşu dövlətlərlə və bizim şirkətlərlə, qonşu ölkələrin şirkətləri ilə ciddi danışıqlar aparılır.
İnfrastruktur layihələri arasında içməli su və suvarma layihələri də xüsusi yer tutur. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə diqqət yönəldildi, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti qeyd edildi. Haqqında bəhs edilən Proqram Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini, su təminatını yeni mərhələyə yüksəldəcək.
Dövlət başçısı İlham Əliyev müşavirədəki çıxışında qeyd etdi ki, 20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. İnşa edilən dörd su anbarı sırasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarlarını xüsusi qeyd etmək istərdik. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı bizə imkan verdi ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Qeyd etdiyimiz kimi, cənab İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Dövlətimizin başçısı müşavirədə vurğuladı ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur: “Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır. Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək”.
