YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Quba rayon təşkilatının yaranmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.

YAP Quba rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, həmin dövrdə baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məlumat verib. O bildirib ki, partiyanın ilk rayon təşkilatlarından biri olan YAP Quba rayon təşkilatı Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 1993-cü il yanvar ayının 16-da təsis edilib. Ötən 33 illik müddət ərzində rayon təşkilatı Ulu Öndər Heydər Əliyev ideologiyasına və Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirib. YAP Quba rayon təşkilatının üzvləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləyirlər.

Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov bildirib ki, Azərbaycanın inkişaf strategiyasının əsas aparıcı qüvvəsi olaraq fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik və dövlətçilik tarixində müstəsna rolu vardır. Yeni Azərbaycan Partiyasının yaranması təkcə siyasi hadisə deyil, eyni zamanda ölkəmizin taleyində dönüş yaradan mühüm mərhələdir. Yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu qazandığı möhtəşəm qələbələri ilə təsdiqləyib.

Digər çıxış edənlər də diqqətə çatdırıblar ki, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.

Sonra YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə RİH yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev fəxri fərmanla təltif olunub. Partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.