Xəbərlər
Yeni Dövlət Proqramının icrası mühüm yeniliklərə, inkişafa səbəb olacaq
“Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Azərbaycan da məhdud su ehtiyatlarına malik olan ölkələr sırasında yer alır. AZərbaycanın şirin su ehtiyatlarının təxminən 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Ona görə də, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, müstəqil Azərbaycan ötən dövrdə geniş iqtisadi və maliyyə imkanlarından bəhrələnməklə reallaşdırdığı irihəcmli layihələr hesabına özünün su təhlükəsizliyini böyük dərəcədə həll etməyə nail olub. Azərbaycan su təhlükəsizliyinin möhkəmləndirlməsini özünün milli təhlükəsizliyinin mühüm bir istiqaməti kimi müəyyənləşdirib və buna nail olmaqdan ötrü konkret addımlar atır. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı risklərinə qarşı dövlət başçısının tapşırığı ilə hazırlanan sistemli tədbirlər planı su ehtiyatlarından qənaətlə istifadə və itkilərin qarşısının alınması üçün müasir texnologiyaların tətbiqini sürətləndirib. Xüsusilə dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi də əsas məqsədlərdəndir. Bu barədə yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirədə geniş bəhs olunub. Müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının mövcud su problemləri, onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər, su təhlükəsizliyinin təmin olunması və iqlim dəyişikliyinin yaratdığı risklər kimi məsələlərə toxunulub, bu sahədə sistemli və uzunmüddətli yanaşmanın əhəmiyyəti qeyd edilib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı il 12 yanvar tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bütün Abşeron yarımadasını əhatə etməklə regionun su və kanalizasiya infrastrukturunun tamamilə yenidən qurulmasını hədəfləyir. On illik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək, paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək.
Azərbaycan dövləti su təhlükəsizliyimizi təmin etmək üçün su infrastrukturunu davamlı olaraq yaxşılaşdırır. Bu istiqamətdə Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilib, Oğuz−Qəbələ−Bakı su kəməri çəkilib, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı sularının idarə edilməsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə Sərsəng, Suqovuşan, Xaçınçay, Zabuxçay, Köndələnçay və s. su anbarları bütövlükdə əhalinin rifahına, iqtisadiyyatın inkişafına xidmət edir.
Pərvin Kərimzadə qeyd edib ki, Bakı və Abşeronda su təchizatının yaxşılaşdırılması üçün böyük layihələr nəzərdə tutulur. Müşavirədə vurğulandığı kimi, Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanıb. Həmin vaxtdan bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artıb. Buna görə də mövcud infrastruktur artan həcmləri fiziki olaraq qəbul etmək iqtidarında deyil. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranır. Prezident İlham Əliyev müşavirədə bununla bağlı vurğulayıb: “Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.
Cənab Prezidentin dediyi kimi, Dövlət Proqramının icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz olsa da, proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq.
Eyni zamanda, Xəzər dənizinin ekoloji təmizliyi də xüsusi diqqət mərkəzində olacaq. Dövlət başçısının dediyi kimi, dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
“Beləliklə, son illərdə həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Yeni Dövlət Proqramının icrası isə bu səhədə mühüm yeniliklərə, inkişafa səbəb olacaq”,-deyə Pərvin Kərimzadə vurğulayıb.
