Xəbərlər
Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizdə su təhlükəsizliyinin təmin olunmasının strateji əhəmiyyətini bir daha ön plana çıxardı. Müasir dünyada su mənbələri artıq təkcə sosial rifah məsələsi deyil, eyni zamanda milli təhlükəsizlik, dayanıqlı inkişaf və ekoloji balansın qorunması baxımından mühüm amilə çevrilib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, su ehtiyatlarından səmərəli istifadə, mövcud infrastrukturun yenilənməsi və gələcək nəsillər üçün etibarlı su təminatının yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Bakı şəhəri və Abşeron yarımadası əhalinin sıx məskunlaşdığı, sənaye və xidmət sahələrinin geniş inkişaf etdiyi region kimi xüsusi yanaşma tələb edir. Su təchizatı ilə yanaşı, yağış və tullantı suları sistemlərinin müasirləşdirilməsi ekoloji risklərin azaldılması, şəhər mühitinin sağlamlaşdırılması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı məhz bu məqsədlərə xidmət edən kompleks və uzunmüddətli yol xəritəsidir.
Qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda belə proqramların vaxtında qəbul edilməsi uzaqgörən siyasətin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan yalnız bu günün deyil, gələcəyin çağırışlarını da nəzərə alaraq planlı və sistemli addımlar atır.
Qeyd etmək lazımdır ki, “Su mənbələri hər bir ölkə üçün çox önəmlidir” fikri təkcə bir çağırış deyil, Azərbaycanın dövlət siyasətində praktik tədbirlərlə təsdiqlənən strateji yanaşmadır. Su təsərrüfatının inkişafı, müasir idarəetmə mexanizmlərinin tətbiqi və infrastrukturun yenilənməsi ölkəmizin dayanıqlı inkişafına, əhalinin rifahına və ekoloji təhlükəsizliyə mühüm töhfə verəcəkdir.
