YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Oktyabarın 20-sində Zəngilan Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günün hər gününü tarixmizə zəfər günü kimi yazdığını bu gün işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin qeyd olunmasında daha aydın şəkildə görür və bundan böyük qürur hissi keçiririk.

Hər zaman qeyd edildiyi kimi, əlamətdar günlər, bayramlar keçilən yolun təhlilini bir zərürətə çevirir. Zəngilan Şəhəri Günü 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları ilə yanaşı, bu rayonun tarixi ilə bağlı məlumatların gənc nəsillərə çatdırılmasına da geniş imkan yaradır.

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.  Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. 2022-ci ilin  iyulundan Ağalı kəndinə əhalinin köçürülməsinə başlandı. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.  Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın rayonunun Sus və Zabux kəndlərinə, həmçinin  Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl  şəhərlərinə məcburi köçkünlərin qayıdışı təmin olunub.

Oktyabarın 25-də Qubadlı Şəhəri Gününü qeyd edəcəyik. “Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.” Dövlət başçısı İlham Əliyev 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə onu da bildirmişdir ki, 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik: “Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.”

Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Rayon 1993-cü ilin avqustun 31-də işğal olunmuşdur. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Qubadlı rayonu da dirçəliş dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rayona reallaşdırdığı dörd səfərin hər biri Böyük Qayıdışa doğru atılan mühüm addımlarla zəngindir.  Belə ki, cənab İlham Əliyev    2020-ci il 23 dekabr tarixində baş tutan ilk səfəri zamanı Azərbaycan bayrağını ucaltmışdır. 25 oktyabr 2021-ci ildə reallaşan ikinci səfər zamanı isə Xanlıq-Qubadlı yolunun təməli qoyulmuş, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları həyata keçirilmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir. Ölkə başçısının üçüncü səfəri 2022-ci il oktyabrın 19-da olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib. Dövlət başçısı ötən ilin may ayında Qubadlı   rayonuna səfəri zamanı  Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.

Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Müzəffər Ali Baş Komandan 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis edərək döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusunu müvafiq Sərəncamları ilə bu medalla təltif etmişdir.

Qubadlı rayonu da digər işğaldan azad edilmiş ərazilərimiz kimi yenidən bərpa olunur.  Tezliklə soydaşlarımızın qayıtdığı ünvanlar sırasına Qubadlı rayonu da daxil olacaq.

DİGƏR Xəbərlər Arxiv