YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur

"Avropa Parlamentində "ALDE qrup"un təşəbbüsü ilə qəbul olunan qətnamə Azərbaycana qarşı açıq qərəzə və ədalətsiz mövqeyə söykənir. Sənəddə, Azərbaycan reasllıqları tamamilə təhrif olunur, ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürülür. Ümumən isə bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur". Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova deyib.

Millət vəkilinin sözlərinə görə, bir sıra avropalı siyasətçilərin ikiüzlü, riyakar fəaliyyətlə məşğul olması, konkret sifariş həyata keçirməsi artıq çoxdandır müşahidə olunan bir haldır: "Biz bunun konkret olaraq ölkəmizə münasibətdə də bir neçə dəfə müşahidə etmişik. Bilirsiniz ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. 25 ildən artıqdır davam edən sülh danışıqları məhz Ermənistan dövlətinin təxribatçı fəaliyyəti və müxtəlif manipulyasiyalarla danışıqlardan yayınması səbəbindən heç bir nəticə verməyib. Buna görə də elə Ermənistanla yanaşı, onun bu cür təxribatçı, hüquqdan kənar və beynəlxalq ədalət prinsiplərinə saymazyana davranışlarına göz yuman Qərb dövlətləri də məsmuliyyət daşıyır. Bu gün bu qəntaməni hazırlayan, onun lehinə səs verən siyasətçilər niyə bircə dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsi, Xocalıda baş verən və insanlıq tarixinin ən amansız qətliamlarına, soyqırımına dair qətnamə hazırlayıb, fikir bildirmirlər? Bu sualın cavabı bizim hamımıza aydındır. Çünki onlara sifariş verən qüvvələr Azərbaycanı hədəfə almağı tapşırıb. Nə vaxt Ermənistanda vəziyyət mürəkkəbləşirsə, Azərbaycan bütün dünyada özünü yüksək səviyyədə təqdim etmək imkanı qazanırsa, bu qüvvələr hərəkətə keçirlər. Ona görə də, bu gün AP-nin qəbul etdiyi qətnamənin Azərbaycan üçün heç bir hüquqi qüvvəsi olmamaqla bərabər, bu sənədin qəbulu Avropa Parlamentinin özünün nüfuzuna ciddi zərbə vurur. Bu, bir daha təşkilatın nə qədər qərəzli olduğunu sübuta yetirir".

S.Qafarova vurğulayıb ki, bu qərəzli qətnamədə iddia olunanların əksinə olaraq bu gün Azərbaycan demokratik, vətəndaş cəmiyyətinin inkişaf etdiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların tam sərbəst şəkildə fəaliyyət göstərdiyi ölkələrdəndir: “Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti heç bir ölkədən, o cümlədən, Avropa dövlətlərindən geri qalmır. Ona görə də, bu gün Avropa Parlamentində qəbul olunan qətnaməni ciddiyə almağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz yolunda inamla irəliləyir və bu kimi təxribatçı addımlar Azərbaycanı müstəqil siyasət kursundan geri çəkindirə bilməz”.