Xəbərlər
YAP Şəmkir rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının yeni təyin olunmuş sədri Zamir Güvəndiyev ictimaiyyətə təqdim edilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov, YAP Şəmkir rayon təşkilatının sabiq sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və digərləri Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli inkişaf yolundan danışıblar. Qeyd olunub ki, partiya ötən dövr ərzində ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, beynəlxalq aləmdə də nüfuzlu siyasi təşkilatlar sırasındadır. YAP-ın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını deyən natiqlər bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını xüsusi qeyd ediblər.
Sonra partiyanın Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxış edərək göstərilən etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələri layiqincə və məsuliyyətlə yerinə yetirəcəyini deyib.
