YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan və Avropa Komissiyası arasında əməkdaşlığın yeni istiqamətləri”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Azərbaycan və Avropa Komissiyası arasında əməkdaşlığın yeni istiqamətləri” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. O qeyd edib ki, Avropa Komissiyası ilə qarşılıqlı hörmət, bərabərhüquqlu və ortaq maraqlara əsaslanan əməkdaşlıq münasibətləri son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Gündüz Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilib. Onun sözlərinə görə, enerji, yaşıl keçid, nəqliyyat-logistika, rəqəmsal inkişaf, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi həm ölkəmizin, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Bildirilib ki, Azərbaycan etibarlı tərəfdaş kimi üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir və bu, beynəlxalq müstəvidə ölkəmizə olan etimadı daha da gücləndirir.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının üzvü Elnaz Cəfərova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı Tural Qurbanov və partiya fəalı Aytən Əliyeva Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyini qeyd ediblər.

Çıxışlarda Azərbaycanın regional sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrdən, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən, eləcə də Avropa ilə münasibətlərdə formalaşan yeni əməkdaşlıq istiqamətlərinin yaratdığı geniş perspektivlərdən bəhs olunub.