YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən strategiyanın məntiqi zirvəsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti böyük bir çevrilmə mərhələsindədir. Azərbaycan öz qaz resurslarını Avropaya yönəltməklə yanaşı, daxili bazarda bərpa olunan enerjiyə (günəş və külək) keçid edir. Aİ rəhbərliyinin ardıcıl olaraq Bakıya gəlməsi, Azərbaycanın qitə üçün yalnız birtərəfli enerji tədarükçüsü deyil, regionun təhlükəsizlik memarlığını formalaşdıran əsas siyasi və mühüm aparıcı rolunun olduğunu sübut edir.

Cari ilin 1 iyul 2026-cı il tarixində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə birgə bəyanatları Azərbaycanın enerji təhlükəsizliyi, “yaşıl enerji” layihələri və regional nəqliyyat dəhlizlərindəki mərkəzi rolunu möhkəmləndirib. Əslində Avropa İttifaqı və Azərbaycanın birgə mətbuat bəyanatı, Bakının Avropanın enerji təhlükəsizliyində xilaskar rolunu, yaşıl enerji keçidindəki strateji əhəmiyyətini və regional iqtisadi sülh modelinin əsas tərəfi olduğunu vurğulayır. Prezident İlham Əliyevin bəyanatları Azərbaycanın regional oyunçudan qlobal iqtisadi aktora çevrilməsini və enerji təhlükəsizliyində etibarlı tərəfdaş imicini möhkəmləndirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi.

İndiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları və Ursula Fon der Lyayenin Bakı səfəri zamanı əldə olunan razılaşmalar sadəcə növbəti bir diplomatik uğur deyil, dövlətimizin illərdir apardığı uzaqgörən strategiyanın məntiqi zirvəsidir.