Xəbərlər
Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub
“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Prezident İlham Əliyevin dediyi kimi, səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək. Prezidentlərin geniştərkibli görüşündə dövlətimizin başçısı vurğulayıb: “Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur”.
Millət vəkili xatırladıb ki, 2022-ci ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan isə deyib ki, iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir: “Biz müxtəlif sahələrdə daimi tərəqqi və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq”.
Səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrin inkişafı baxımından mühüm amil olduğunu deyən Sevinc Fətəliyeva iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun önəmini xüsusi qeyd edib. Bu Anlaşma Memorandumu strateji əhəmiyyət kəsb edir.
Millət vəkili Prezident İlham Əliyevin ötən ay Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimində iştirak etdiyini də xatırladıb. Bu ölkə COP29-un Azərbaycanda keçirilməsinə də böyük dəstək verib.
Ölkəmizin ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığının olduğunu bildirən deputat 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumunun imzalandığını xatırladaraq deyib: “Ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın sədrlik etmiş olduğu Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir”.