YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə, əməkdaşlığa və qlobal sabitliyə verilən töhfələr

Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, sülh sazişinin paraflanmasına görə deyil, həm də dövlətimizin başçısının şəxsən sülhə, əməkdaşlığa və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada böyük nüfuza malik mükafatlardan biridir. Mükafat Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.  “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilməsi və həmin ali mükafatın Əbu-Dabidə məhz Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən verilməsi təltifin siyasi çəkisini qat-qat artırır. Bu, Azərbaycan-BƏƏ münasibətlərinin strateji mahiyyət daşıdığına hər iki ölkədə böyük önəm verilməsinin göstəricisidir. İki dost ölkə müxtəlif sahələrdə qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq əlaqələri qurublar. BƏƏ özünün iqtisadi imkanları, resursları, əhali sayı etibarı ilə regionun nüfuzlu dövlətlərindən biridir. Öz növbəsində Azərbaycan İslaam dünyasının bir parçası olması ilə qürur duyur və dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir.

 

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqı tərəfindən verilib. Dövlətimizin başçısı Xilaskar, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan, xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olmuş,  bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan,  ən yüksək zirvələri fəth etmiş böyük Liderdir. Son 22 ildə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun cənab İlham Əliyev kimi Lideri var.

Pərvin Kərimzadə qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsində dayanan ən mühüm məqamlardan biri sülh və birgəyaşayıla bağlıdır. Ayrı-ayrı regionlarda qanlı müharibələrin davam etdiyi indiki dövrdə dünyanın heç vaxt olmadığı qədər sülhə böyük ehtiyacı var. Qalib Azərbaycan da beynəlxalq birlik üçün nümunə sayıla biləcək sülh gündəliyinə malikdir. Mükafat Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir. Qalib Azərbaycan sülh niyyətində olduğunu müharibə başa çatandan dərhal sonra bütün dünyaya bəyan etdi. Bunun təsdiqi olaraq Azərbaycanın qarşı tərəfə göndərdiyi beş bənddən ibarət sülh layihəsi beynəlxalq norma və prinsiplərə istinad olunmaqla hazırlanmışdı. Burada Azərbaycan qalib dövlət olaraq hansısa bir imtiyazlardan çıxış etməmişdi ki, bu da ölkəmizin sülh istəyində nə qədər səmimi olduğunu təsdiqləyir.  Bundan sonra sülhyaratma prosesinə start verildi. Təəssüf ki, yenə də Ermənistanın və bu dövlətin havadarlarının manipulyasiyalara əl atmaları səbəbindən sülhyaratma prosesi rəvan şəkildə irəliləmədi və müəyyən zaman itkisinə yol verildi. Ancaq nəticə etibarı ilə Azərbaycanın iradəsi qalib gəldi və sülhyaratma prosesini ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan mühüm razılaşmalaradək irəlilətmək mümkün oldu. Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” paraflandı. Bu hadisədən keçən müddət ərzində hər iki ölkə sülh şəraitdə yaşayır. Prezident İlham Əliyev mükafatlandırma mərasimində çıxışı zamanı deyib: “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”. Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, Ermənistana neft məhsullarının ixracına başlanması münasibətlərin bərpası üçün əhəmiyyətli addımlardır.

Deputat söyləyib ki, hazırda dünyada davam edən münaqişələrin sonlandırılması bütün sülhsevər cəmiyyətlər üçün arzuolunandır. Bunun üçün Azərbaycanın sülh təşəbbüsləri nümunə ola bilər. Cənab Prezidentin dediyi kimi, “...bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”. Beləliklə, hazırda Cənubi Qafqaz regionu Azərbaycanın iradəsi və yaratdığı reallıqlar sayəsində heç vaxt olmadığı qədər sülhə yaxındır. Yekun sülh sazişinin paraflanması, eləcə də Minsk qrupunun ləğvi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Mükafatın Prezident İlham Əliyevə verilməsi də 35 illik münaqişəni sülh yolu ilə sonlandırmaq, Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə və Azərbaycanın prinsipial sülh siyasətinə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin ifadəsidir.

 

“Prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, həmçinin Azərbaycana və onun Liderinə beynəlxalq aləmdə göstərilən yüksək hörmət və etibarın parlaq təcəssümüdür. Hazırda Azərbaycan dünyada dialoq məkanı kimi tanınır. Cənab Prezidentin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmiz davamlı olaraq qlobal həmrəyliyin gücləndirlməsinə hesablanan təşəbbüslər irəli sürür, həmçinin dünya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar isə dünyada sülhə, sabitliyə və əməkdaşlığa xidmət göstərir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.