YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhlükəsiz, ədalətli və sabit gələcəyi naminə atılan mühüm addım

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Son illərdə Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzu, ilk növbədə ölkə rəhbərliyinin düşünülmüş, prinsipial və məqsədyönlü xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin qlobal miqyasda etibarlı, sözünə və mövqeyinə hörmət edilən lider kimi qəbul olunması Azərbaycanın siyasi çəkisinin və beynəlxalq etimadının göstəricisinə çevrilmişdir. Məhz bu yüksələn nüfuz və etimadın bariz təzahürü olaraq, 4 fevral 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlətimizin başçısı mühüm və məzmunlu çıxışla iştirak etmişdir. Sözügedən tədbir sülh, dialoq və xalqlar arasında qarşılıqlı hörmət ideyalarının təşviqinə həsr olunmaqla, Azərbaycanın qlobal humanitar və siyasi proseslərdə fəal rolunu bir daha nümayiş etdirmişdir.

Prezident İlham Əliyev çıxışında bu mükafatın yalnız fərdi qiymətləndirmə deyil, bütövlükdə sülhə, dialoqa və beynəlxalq əməkdaşlığa verilən yüksək dəyərin ifadəsi olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, bu cür təşəbbüslər dünya xalqları arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, mədəniyyətlər və dinlər arasında anlaşmanın güclənməsinə xidmət edir. Azərbaycanın bu proseslərdə fəal iştirak etməsi ölkəmizin qlobal sülh gündəliyinə verdiyi töhfənin bariz nümunəsidir.

Dövlət başçısı Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələrdən danışaraq, ölkəmizin beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan siyasət yürütməsini xüsusi qeyd etmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, münaqişələrin dialoq yolu ilə həlli, qarşılıqlı hörmət və konstruktiv yanaşma bu gün dünya üçün alternativsiz yoldur.

Çıxışda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə malik bir ölkə olduğu da vurğulanmışdır. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu ölkəmizdə sülh şəraitində yaşaması Azərbaycan cəmiyyətinin humanist mahiyyətini və sosial harmoniyasını açıq şəkildə nümayiş etdirir. Bu model müasir dünyada qarşılıqlı anlaşmanın mümkünlüyünü sübut edən uğurlu nümunə kimi təqdim edilmişdir.

Prezident İlham Əliyev mərasimdə səsləndirdiyi fikirlərlə Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini bir daha ortaya qoymuşdur. Dövlətimizin sülhə, dialoqa və insan qardaşlığına əsaslanan siyasəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir və bu, ölkəmizin artan siyasi nüfuzunun göstəricisidir.

Nəticə etibarilə, Əbu-Dabidə səsləndirilən bu çıxış Azərbaycan Respublikasının sülhə və ümumbəşəri dəyərlərə sadiqliyinin növbəti təzahürü olmaqla yanaşı, Prezident İlham Əliyevin qlobal miqyasda dialoq və əməkdaşlıq təşəbbüslərində aparıcı rolunu bir daha təsdiqləmişdir. Bu mesajlar müasir dünyanın daha təhlükəsiz, ədalətli və sabit gələcəyi naminə atılan mühüm addım kimi qiymətləndirilir.