YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regional sülh quruculuğunda aparıcı rol oynayır

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı bu yüksək diqqətə layiq görülməsini Azərbaycan üçün böyük mənəvi qiymət və böyük şərəf kimi dəyərləndirmişdir. Çünki bu ad humanizm, xalqlar arasında qarşılıqlı hörmət, tolerantlıq və sülh dəyərləri ilə assosiasiya olunur.

Prezident qeyd etmişdir ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olmuş, multikulturalizm və dini dözümlülük prinsipləri ölkəmizin dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan “İnsan Qardaşlığı” ideyasının Azərbaycan cəmiyyətində yalnız şüar deyil, real həyat praktikası olduğunu xüsusi vurğulamışdır.

Çıxışda bildirilib ki, müasir dünyada artan qarşıdurmalar, dini və etnik zəmində baş verən münaqişələr fonunda Şeyx Zayedin irsinin və onun təbliğ etdiyi dəyərlərin aktuallığı daha da artır. Prezident İlham Əliyev bu mükafatın yalnız fərdi qiymətləndirmə deyil, eyni zamanda Azərbaycanın sülhə, dialoqa və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin tanınması olduğunu qeyd etmişdir.

Dövlətimizin başçısı Azərbaycanın regional və qlobal miqyasda sülhün möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında etimadın gücləndirilməsi istiqamətində bundan sonra da fəal rol oynayacağını bəyan etmişdir. O, Şeyx Zayedin “insanları birləşdirən dəyərlər hər cür fərqlərdən üstündür” fəlsəfəsinin bugünkü dünya üçün yol xəritəsi olduğunu xüsusi qeyd etmişdir.

Müasir beynəlxalq münasibətlər sistemində sülh anlayışı artıq yalnız müharibənin olmaması ilə ölçülmür. Bu gün sülh siyasi məsuliyyət, hüquqi legitimlik, regional əməkdaşlıq və humanitar dəyərlərin vəhdətidir. Prezident İlham Əliyevin mükafatın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər məhz bu yeni qlobal sülh fəlsəfəsinin Cənubi Qafqaz müstəvisindəki real ifadəsidir.

Bu tezislərdə sülh anlayışı idealist çağırış kimi deyil, strateji dövlət seçimi kimi təqdim olunur. Azərbaycanın postmünaqişə dövründə atdığı addımlar, xüsusilə ərazi bütövlüyünün bərpasından sonra revanşizmə deyil, dialoqa üstünlük verilməsi regionda nadir siyasi nümunədir. Bu yanaşma Cənubi Qafqazda uzun illər hökm sürmüş qeyri-müəyyənliyi aradan qaldıraraq yeni təhlükəsizlik arxitekturasının əsasını qoymuş olur.

Azərbaycanın sülh konsepsiyası üç əsas sütuna söykənir: gücün legitimliyi, beynəlxalq hüquqa sadiqlik və regional məsuliyyət. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh yalnız ədalət üzərində qurulduqda davamlı olur. Bu baxımdan Azərbaycanın mövqeyi aydındır: suverenlik və ərazi bütövlüyü müzakirə predmeti deyil, lakin yalnız bu prinsiplər qəbul edildikdən sonra əməkdaşlıq üçün geniş imkanlar açılır.

Geosiyasi reallıqlar göstərir ki, Cənubi Qafqazda bu gün sülh gündəliyini formalaşdıran əsas aktor Azərbaycandır. Nəqliyyat-kommunikasiya xətlərinin açılması, regional inteqrasiya təşəbbüsləri, enerji təhlükəsizliyi layihələri — bütün bunlar sülhün iqtisadi dayaqlarını möhkəmləndirir. Prezidentin Əbu-Dabidə səsləndirdiyi “insan qardaşlığı” ideyası məhz bu praktik layihələrdə öz real ifadəsini tapır.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi, əslində, Azərbaycanın qlobal sülh gündəliyində tutduğu yerin beynəlxalq səviyyədə tanınmasıdır. Bu mükafat Azərbaycan modelinin, bu kontekstdə multikulturalizm, dini dözümlülük və qarşılıqlı hörmət üzərində qurulmuş dövlət siyasətinin regional çərçivəni aşaraq qlobal əhəmiyyət daşıdığını göstərir.

Prezident İlham Əliyevin çıxışının əsas ideya xətti ondan ibarətdir ki, sülh kompromis zəiflik deyil, siyasi yetkinlik göstəricisidir. Azərbaycan bu gün həm hərbi-siyasi reallıqlar baxımından, həm də mənəvi-humanitar məsuliyyət prizmasından Cənubi Qafqazda sülhün ən güclü dayağı kimi çıxış edir. Bu mövqe regionu qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirmək potensialına malikdir. Məhz bu səbəbdən Azərbaycanın sülh siyasəti artıq regional deyil, qlobal təhlükəsizlik diskursunun ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.