Xəbərlər
“Regional sülhü təmin edən Lider”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Qarabağlılar ərazi partiya təşkilatında “Regional sülhü təmin edən Lider” mövzusunda partiya üzvləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və paytaxt Əbu-Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif edilməsi haqqında danışıb. Sədr qeyd edib ki, sözügedən mükafat təkcə bir dövlət rəhbərinə təqdim olunan ali təltif kimi deyil, eyni zamanda sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda tanınmasının bariz nümunəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısının bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və harmonik birgəyaşayış modelinin dünya ictimaiyyətinə təqdim olunması deməkdir.
G.Bayramov həmçinin, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əlaqələrin yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmadığını, bu münasibətlərin eyni zamanda müasir dövlətçilik prinsiplərinə, sosial inkişafın təşviqinə və beynəlxalq məsuliyyət anlayışına əsaslandığını vurğulayıb. O bildirib ki, qarşılıqlı hörmətə və etimada söykənən bu əməkdaşlıq modeli regionda sabitliyin, davamlı inkişafın və xalqlar arasında tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Bütün bu məqamlar bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti yalnız ölkə daxilində deyil, bütövlükdə regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın təmin olunmasında mühüm rol oynayan, dialoqa və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə seçilən, regional sülhü təmin edən lider kimi qəbul olunur.
Daha sonra Qarabağlar ərazi partiya təşkilatının sədri Vidadi İsayev, partiya üzvləri Rövşən Yusifov, Mahirə İsmayılova çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olan, bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etmiş böyük Lider olduğunu bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda güclü və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.
