Xəbərlər
Azərbaycan Prezidentinin siyasi iradəsi Cənubi Qafqazda əbədi sülh və davamlı sabitliyi təmin edir
Nurlan Həsənov
Milli Məclisin deputatı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi yeni siyasi mərhələnin təntənəli hadisəsi kimi dünya ictimaiyyətinin diqqətini çəkir. Bu mükafata Prezident İlham Əliyevin layiq görülməsi son illərdə həyata keçirilən sülh təşəbbüslərinin, qarşılıqlı etimada əsaslanan diplomatiyanın və regionda sabitliyin təmin olunması istiqamətində görülən işlərin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini göstərir. İnsan qardaşlığı ideyası dünyada artan qarşıdurmalar, dini və siyasi ziddiyyətlər fonunda həmrəylik, dialoq və humanizm anlayışlarının ön plana çıxarılmasını hədəfləyir. Məhz bu dəyərlər Əbu-Dabidə keçirilən mərasimin əsas ruhunu təşkil edir.
Prezident İlham Əliyev mərasimdəki çıxışında vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Bu tarixi şəxsiyyət dövlətçilik məktəbi, uzaqgörən siyasəti və insanlara xidmət fəlsəfəsi ilə seçilirdi. Onun müəyyən etdiyi yol qısa müddətdə Əmirlikləri iqtisadi güc mərkəzinə, eyni zamanda multikultural və sabit cəmiyyət modelinə çevirdi. Bu gün Şeyx Məhəmməd tərəfindən həmin kursun davam etdirilməsi nəticəsində Əmirliklər həm sülh təşəbbüslərinin, həm də mədəniyyətlərarası dialoqun əsas platformalarından biri kimi əhəmiyyət kəsb edir. Əbu-Dabi artıq yalnız paytaxt şəhəri deyil, həm də qlobal diplomatiyanın mühüm ünvanı kimi tanınır.
Mərasimdə dinlərarası anlaşmanın təşviqinə xüsusi yer verilməsi diqqət çəkən məqamlardandır. Prezident İlham Əliyevin Əl-Əzhərin böyük imamı doktor Əhməd Əl-Tayyib və Roma Papasına təşəkkür etməsi fərqli inanc və sivilizasiyaların ortaq dəyərlər ətrafında birləşə biləcəyini göstərən mühüm mesaj idi. Həmin yanaşma bir daha sübut edir ki, sülh yalnız siyasi razılaşmalarla deyil, həm də mənəvi yaxınlaşma, qarşılıqlı hörmət və tolerantlıq mühiti ilə möhkəmlənir. İnsan qardaşlığı anlayışı məhz bu birliyin təzahürüdür. Tədbirdə səsləndirilən ən mühüm məqamlardan biri regionda yaranmış yeni reallıqlar olub. Onilliklərlə davam edən müharibə vəziyyətindən sonra artıq sülh şəraitində yaşayış tarixi hadisə kimi dəyərləndirilir. Bu amil sadəcə siyasi bəyanat deyil, konkret nəticələrə əsaslanan yeni mərhələdir.
Vaşinqton Zirvə Görüşündən sonra tərəflər arasında münasibətlərdə müsbət dinamika yaranıb. Sülh sazişinin paraflanması, birgə sənədlərin imzalanması və beynəlxalq dəstək Qarabağ məsələsinin başa çatdırılmasına hüquqi və siyasi zəmin formalaşdırıb. Sülhün dayanıqlı olması üçün iqtisadi əlaqələrin qurulması həlledici amildir. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji məhsullarının ixracına başlanması və ticari əlaqələrin genişləndirilməsi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu addımlar qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Əməkdaşlıq mühiti həm regionun təhlükəsizliyini möhkəmləndirir, həm də rifahı artırır.
Humanitar sahədə atılan addımlar – qarşılıqlı görüşlərin təşkili, dialoq mühitinin formalaşdırılması cəmiyyətlər arasında uzun illər yaranmış psixoloji baryerlərin aradan qalxmasına xidmət edir. Etimad yalnız hökumətlər arasında deyil, xalqlar arasında da bərpa olunmalıdır. Məhz bu yanaşma sülhün davamlılığını təmin edən əsas faktorlardandır. Bütün bu proseslər sübut edir ki, keçmişdə düşmənçilik mühitində olan tərəflər arasında belə əməkdaşlıq mümkündür. Əsas məsələ güclü siyasi iradənin nümayiş etdirilməsi, verilən vədlərə sadiqlik və məsuliyyətli yanaşmadır. Ardıcıllıqla həyata keçirilən praktiki addımlar sülhü abstrakt anlayışdan real həyata çevririr və region üçün yeni inkişaf mərhələsinin əsasını qoyur.
Beləliklə, Əbu-Dabi sülhün formalaşdığı diplomatik mərkəz kimi yadda qalır. Bu fonda təqdim edilən mükafat sülhə yönəlmiş siyasətin beynəlxalq təsdiqi və mənəvi dəyərləndirilməsi kimi qəbul edilir. Çıxışın əsas ideyası aydındır: nə qədər uzun və ağır olursa-olsun, hər bir münaqişənin həlli mümkündür. Əsas şərt güclü siyasi iradə, dialoq və beynəlxalq dəstəkdir. Qarşıdurmaların yerini əməkdaşlıq və etimad əvəz edə bilər. Bu yanaşma yalnız region üçün deyil, bu gün müharibə və böhran şəraitində olan digər ölkələr üçün də nümunədir. Sülhün alternativi yoxdur.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatı humanizm, tolerantlıq və sabitlik dəyərlərinin təntənəsi olaraq mühüm önəm kəsb edir. Bu əlamətdar hadisə göstərir ki, ardıcıl və məqsədyönlü siyasət nəticəsində uzun illərin gərginliyi aradan qalxa, yeni əməkdaşlıq mühiti formalaşa bilər. Sülh mümkündür və real siyasi iradə ilə əldə olunur. İnsan qardaşlığına əsaslanan dünya nizamı isə məhz belə təşəbbüslər sayəsində qurulur.
