Xəbərlər
Əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Tacikistan və Azərbaycanı qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki dost ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini daim diqqətdə saxlayır. Dövlət başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə növbəti səfəri münasibətlərimizin yüksələn xətlə inkişafının təsdiqidir. Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edən cənab İlham Əliyev “Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Prezidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istərdim. Eyni zamanda, bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm” söyləyərək onu da əlavə etdi ki, bu il qardaş Tacikistana ikinci dəfə səfər edir. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik: “Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri baçlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.”
Səfər çərçivəsində Prezidentlərin təkbətək görüşündə səsləndirilən fikirlər iki dost ölkənin əlaqələrinin möhkəm təməl üzərində uğurla inkişaf etdiyini təsdiqlədi.
Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Reallıq budur ki, artıq bir neçə ildir Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 ildə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Vətən müharibəsindən sonra Azərbaycan nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla əlaqələrinin inkişafına xüsusi önəm verməsi həm qarşılıqlı səfərlərdən, həm də əməkdaşlığın möhkəmləndirilməsində hüquqi baza olan sənədlərin say tərkibindən aydın görünür. Hər iki tərəf münasibətlərin yeni istiqamətlər üzrə inkişafında maraqlıdır. Dövlət başçısı İlham Əliyev sözügedən tədbirdəki çıxışında bütün bu məqamların aydın mənzərəsini təqdim etdi.