YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin xalqımızın ədalətli mübarizəsinə verdikləri dəstəyi hər zaman yüksək qiymətləndirib

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri 

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb. Məlum olduğu kimi, 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatı dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Qeyd etmək lazımdır ki, Bakı konfransı 2019-cu ildən Təşkilata sədrlik edən Azərbaycanın növbəti önəmli təşəbbüsünün reallaşdırılması məqsədilə keçirilir. Belə ki, bu vacib tədbirin əsas məqsədi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılmasıdır. Ümumiyyətlə 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olan Azərbaycan bütün bu müddət ərzində təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı konfransında etdiyi çıxışında da qeyd olunduğu kimi, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur və  Azərbaycan bu təşkilata sədrlik etməyə başladığı gündən beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində əməli addımlar atıb. Artıq iyul ayında isə, yenə də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək.

Azərbaycanın Qoşulmama Hərəkatına Sədrlik etməyə başlaması dünyanı COVİD-19 pandemiyasının bürüdüyü cətin vaxtlara təsadüf etmişdi. Həmin dövrdə ölkəmiz pandemiya ilə mübarizədə digər dünya ölkələrinə öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirildi. 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir. Azərbaycan koronavirusa qarşı mübarizə istiqamətində indiyədək 30-dan çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib. Qeyd edək ki, bu məbləğin yarısı məhz Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuşdu. Ölkə Prezidenti cənab İlham Əliyev konfransdakı çıxışında bir daha vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Həmçinin dövlətimizin başçısı Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizə verdikləri siyasi-mənəvi dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini bir də vurğuladı. Məlum olduğu kimi, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul etmişdi. Həmçinin Vətən müharibəsinin davam etdiyi dövrdə, 2020-ci ilin oktyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin nazirləri səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə təşkilata üzv ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmişdilər. Hərəkatın ölkəmizə verdiyi ən önəmli dəstək isə BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycana qarşı qərəzli bəyanat qəbul etmək cəhdlərinin qarşısının alınmasından ibarət oldu. Həmin vaxt Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək üçün siddi səy göstərmişdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən dost ölkələr təkid etdilər ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad da əlavə olunsun. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdi.