YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan dövlətçiliyinin yeni mərhələyə keçidini simvolizə edir. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin, 1995-ci ildə qəbul edilən Konstitusiyanın müasir Azərbaycanın inkişafının təməlini qoyduğunu vurğulayıb.

Qeyd olunub ki, bu inkişaf Prezident İlham Əliyevin rəhbərliyi altında zənginləşərək Azərbaycanın zəfərlər əldə etməsinə, suverenliyin bərpasına və dövlət idarəçiliyinin modernləşdirilməsinə gətirib çıxarıb.

Bəxtiyar Nəbiyev, həmçinin yazıçı-alim Sadıq Qarayevin əsərləri barədə danışaraq, onun azərbaycançılıq məfkurəsini və Zəfərin vəhdətini elmi və bədii cəhətdən zəngin şəkildə təqdim etdiyini qeyd edib. O, Sadıq Qarayevin müəllifi olduğu “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının mühüm tədqiqat mənbələri olduğunu deyib.

Tədbirdə çıxış edən maarifpərvər xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi, Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri Dilarə Muxtarova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, ərazi partiya təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti Solmaz Sadıqova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, ərazi partiya təşkilatının sədri Şölət Zeynalov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Zeynəddin Şabanov azərbaycançılıq ideologiyasının təkcə milli-mənəvi dəyərlərin qorunması deyil, eyni zamanda milli kimliyə və dövlətə bağlılığın ifadəsi olduğunu deyiblər. Qeyd olunub ki, Sadıq Qarayevin əsərlərində dövlətçilik ideologiyası hərtərəfli, zəngin və əsaslı şəkildə təqdim edilir.

Sonda çıxış edən yazıçı-alim Sadıq Qarayev qeyd edib ki, azərbaycançılıq məfkurəsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli ideologiyanın əsas sütunu kimi xalqımızı müqəddəs amal ətrafında birləşdirib. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik strategiyası Zəfərin təməlini qoyaraq milli ruhun gücünü tarixi reallığa çevirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər azərbaycançılığın həm ideya, həm də əməli qüdrətini dünyaya nümayiş etdirib.

Çıxışlardan sonra bir qrup gəncə fəxri fərman və sertifikatlar təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv