YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Sloveniya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır

Martın 3-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sloveniya parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Oqtay Əsədov iki ölkə arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu əlaqələrin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Oqtay Əsədov Mitya Bervarın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açacağını vurğulayıb.
Milli Məclisin sədri Azərbaycan-Sloveniya əməkdaşlığının müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu günədək iki ölkə arasında 12 sənəd imzalanıb, 8 sənəd isə imzalanma ərəfəsindədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Sədr əlavə edib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik fəaliyyəti təəssüf ki, indiyədək heç bir nəticə verməyib.
Oqtay Əsədov Sloveniya parlamenti Milli Şurasının 24-cü plenar iclasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək məqsədi ilə qərarın qəbul edilməsinə və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinə görə minnətdarlığını bildirib. Sədr həmin qərarda Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi dörd qətnaməyə əsaslanmaqla həll edilməsi çağırışının öz əksini tapmasının yüksək qiymətləndirildiyini bildirib.
Mitya Bervar Azərbaycan ilə Sloveniya arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib. O, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin oynadığı rolu xüsusi vurğulayıb.
M.Bervar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həllini tapacağına inandıqlarını qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.