Xəbərlər
Qazax rayonunda Azərbaycan Gəncləri Günü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə “Müasir Azərbaycan gəncliyi cəmiyyətimizin bütün sahələrində ən aparıcı qüvvədir!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə tər güllər düzülüb.
Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Elçin Cəfərov, Esmira Şıxməmmədova, Nicat Göşşüyev, şəhid atası Qədir Əfəndiyev çıxış edərək bildiriblər ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi naminə yürüdülən siyasətdə fəal iştirak edirlər.
Sonra partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı gənclərə həsr olunan şeirlər səsləndiriblər.
Tədbirin sonunda bir qrup gəncə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi təqdim edilib.
