Xəbərlər
“Qış məktəbi” işini davam etdirir
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gənclər və könüllülər üçün keçirdiyi “Qış məktəbi” işini davam etdirir.
İştirakçılar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarət zamanı gənclərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir.
Gənclər Azərbaycan Milli Xalça Muzeyində də olublar. Ziyarət zamanı gənclərə muzeydə nümayiş etdirilən nadir xalça nümunələri, Azərbaycan xalçaçılıq sənətinin tarixi inkişaf mərhələləri, bölgələr üzrə formalaşmış xalça məktəbləri və bu sənətin milli-mədəni irsimizdə tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.
Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) ziyarət zamanı gənclər öncə universitet şəhidlərinin xatirə kompleksi ilə tanış olub, onların əziz xatirəsini ehtiramla anıblar.
Sonra iştirakçılara universitetdəki ixtisaslar, elektron tədris prosesi, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, idman zalları, kitabxanalar barədə ətraflı məlumat verilib. Gənclər müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, kitabxana, akt və idman zalları, tələbə yeməkxanası, eləcə də Bloomberg laboratoriyası, universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.
Gənclər və könüllülər, eyni zamanda Bakı Ali Neft Məktəbini ziyarət ediblər. Gənclər Ali Məktəbin kampusu ilə tanış olub, tədris infrastrukturu, elmi-tədqiqat imkanları və universitetin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat alıblar. Həmçinin kampusun Konqres zalı, Neft muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, idman zalları, tələbə yeməkxanası, auditoriya və laboratoriyalarla tanışlıq olub.
“Qış məktəbi”nin iştirakçıları Real TV-də, həmçinin Dövlət Bayrağı Meydanında, Dövlət Bayrağı Muzeyində, “Suraxanı” gəmi-muzeyində, Zəfər muzeyində də olublar.
İştirakçılar “Uğurlu gənc” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov ilə görüşüblər. Əvvəlcə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov layihənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib.
K.Cəfərov dövlətin gənclər siyasəti, Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları barədə danışıb.
Görüş müzakirə formatında davam edib.
