Xəbərlər
Malik Həsənov: Həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür
“Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycan altılıq platformanın yaradılmasını dəstəkləyir. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın iştirakı ilə formalaşacaq bu əməkdaşlığın bölgəyə sülh, təhlükəsizlik, rahatlıq gətirəcəyi böyük əminliklə vurğulanır. Baş verən proseslər ölkəmizin xarici siyasətinin yalnız region deyil, eyni zamanda, bütün dünya siyasətinə təsir edəcək qədər düşünülmüş, praqmatik, əhatəli və açıq olduğunu təsdiqləyir. Müstəqil siyasəti ilə tarixi Zəfərinə yol açan Azərbaycan yaşadığı bərpa və quruculuq dövründə yalnız dost ölkələrin yanında olmasını, onların iştirakı ilə nəzərdə tutulan işlərin başa çatdırılmasını istəyir. Bu da təbiidir. Bu baxımdan ki, həqiqət anı kimi dəyərləndirdiyimiz Vətən müharibəsindən sonra da dünyanın supergücləri ikili siyasətlərindən əl çəkə bilmir, fürsət düşdükcə işğalçı Ermənistana dəstək göstərir, yenə də qərəzli yanaşma ilə üz-üz qalan Azərbaycan olur.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı bu gün Azərbaycanın dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır: “Azərbaycan dövlətinin beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində təşəbbüskarlığı, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirildiyi iki ilə yaxın dövr ərzində 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi, həmçinin “Qlobal problemə qarşı qlobal birlik, həmrəylik gərəkdir” bildirərək müxtəlif təşəbbüslərlə çıxış etməsi, o cümlədən BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ölkəmizin, Prezident, Ali Baş Komandan İlham Əliyevin nüfuzunun göstəricisidir. Möhtərəm Prezidentimiz qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nin narahatlıq doğurduğunu önə çəkərək Azərbaycanın ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınadığını diqqətə çatdırdı və bu rəqəmi açıqladı ki, bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb. Azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.”
“Azərbaycanın hər bir məsələyə ədalət meyarından və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsindən yanaşması bu dəyərləri maraqlarının arxasında gizlədən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara nümunə olmalıdır” söyləyən millət vəkili qeyd edib ki, məhz bu ədalətsizliyin tüğyan eytməsinin nəticəsidir ki, 50-dən artıq ölkənin və beynəlxalq təşkilatın 100-dən artıq nümayəndəsinin Şuşaya səfərinə ABŞ, Fransa və Rusiya səfirləri qatılmayaraq seyrçi mövqedən yanaşmağa daha çox üstünlük verdilər: “Əvvəlcə razılıqlarını ifadə etdikləri halda, sonra fikirlərini dəyişmələri sual doğurmaya bilməz. Nəzərə alsaq ki, səfir bir dövlətin digər ölkədə elçisidir və missiyası təmsil etdiyi ölkə ilə olduğu ölkə arasında yeni prioritetlər müəyyənləşdirmək, əlaqələrin inkişafına dəstək olmaqdır. Ən əsası ABŞ, Fransa və Rusiya səfirləri ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri olduqlarını yada salıb işğaldan azad edilmiş ərazilərimizə səfər etməyin təşəbbüskarı kimi də çıxış edə bilərdilər. 30 ilə yaxın dövrdə ölkələrinin dəstəyi ilə ərköyünləşən Ermənistanın istər işğal, istərsə də Vətən müharibəsinin getdiyi vaxtlarda və 10 noyabr razılaşmasına uyğun olaraq Azərbaycan ərazilərini boşaldarkən törətdikləri vandalizm aktlarının izlərini görməli idilər.”
“Reallıq budur ki, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə Prezidenti məlum çıxışında səsələndirdiyi çağırışlarla, bəyanatlarla bir daha dünyaya çatdırdı ki, həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür”, - deyə Malik Həsənov bildirib.