YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi nüfuzunu itirən Fransa Senatının qondarma qətnaməsi adi bir kağız parçasıdır

Şəmsəddin Hacıyev

YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

 

“İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən?Haqqın, yoxsa şərin?

Dostun, yoxsa düşmənin?Həqiqət anıdır - mənim üçün, xalqımız

üçün,hamımız üçün. Əlbəttə ki, bu günlərdə bizə dəstək  olan

 ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”

İlham Əliyev

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımızın bu müdrik kəlamı son dərəcə düşündürücü olmaqla əjdadımızın əsrlər boyu qazandığı zəngin dövlətçilik təcrübəsinin dəqiq ifadəsidir.

Azərbaycan xalqının 30 ilə yaxın müddətdə həsrətində olduğu doğma Qarabağ və Qarabağ ətrafı 7 rayonumuzun işğaldan azad olunması ilə nəticələnən şanlı Vətən müharibəsi nəinki Cənubi Qafqazda, ümumilikdə yaxın və uzaq coğrafiyada tamamilə yeni geosiyasi reallıqlar, güc nisbətləri, ikitərəfli və çoxtərəfli siyasi və iqtisadi münasibətlər sistemi formalaşdırdı. Ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu taleyüklü məqamlarda dostunu da, düşməninə havadarlıq edənləri də bir daha gördü və tanıdı. Bu müharibə həm də Azərbaycan xalqının birliyini, yenilməzliyini, əyilməz qürurunu, ruhunu, müzəffər ordumuzun döyüş qabiliyyətini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq hərbi və diplomatik qələbəsi ilə başa çatdı və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Dekabrın 1-də Laçının işğaldan azad olunması ilə Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, dövlət sərhədlərini tam bərpa etdi və bununla da Qarabağın Azərbaycana məxsus olması haqqında tarixi, hüquqi, siyasi həqiqət de-fakto və de-yure təsdiqini tapdı. Azərbaycan əzəli düşmənini həm döyüş meydanında, həm siyasi-diplomatik arenada, həm də informasiya müharibəsində diz çökdürərək möhtəşəm tarixi və şanlı Zəfərə imza atdı.

Xüsusi qeyd olunmalıdır ki, münaqişə dövrü ərzində ən yüksək beynəlxalq səviyyələrdə – BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşıq Təşkilatı, Qoşulmama Hərəkatına üzv ölkələr, eləcə də dünyanın əksər dövlətləri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa və tarixi, siyasi faktlara əsaslanan haqlı mövqeyi birmənalı olaraq dəstəklənmiş, erməni qoşunlarının qeyd-şərtsiz və dərhal işğal edilmiş ərazilərdən çıxarılması haqda  qətnamələr və digər rəsmi sənədlər qəbul edilməsinə baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymayadı və beynəlxalq hüququ ayaq altına atdı. Paşinyanın iki illik  üzdəniraq hakimiyyəti dövründə isə ermənilər daha da azğınlaşaraq, danışıqlar prosesini pozdular, həyasızcasına utanmadan “Qarabağ Ermənistandır” dedilər, Azərbaycanın döyünən ürəyi, mədəni paytaxtı olan qədim Şuşanı “paytaxt” elan  etdilər, “yeni müharibə və yeni torpaqlar” iddiası ilə həm bizə, həm də beynəlxalq hüquqa meydan oxudular. Nəticəsi nə oldu? İşğalçı Ermənistan tam məğlubiyyətə uğradı, “məğlubedilməz ordusu” darmadağın edildi, ermənilər yalnız döyüş meydanında deyil, bütün dünya qarşısında özlərini rüsvay etdilər və çıxışı olmayan dalana düşdülər.

 Dövlətimizə edilən bütün siyasi təzyiqlərə baxmayaraq Xalq-İqtidar-Ordu birliyinin təcəssüm etdirdiyiyi müzəffər Ali Baş Komandanımızın “dəmir yumruğu” və Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və bununla bağlı qəbul olunmuş bütün beynəlxalq qətnamələri icra etməyə müvəffəq oldu. Daha dəqiq desək, 1993-cü ildə BMT Təhlühəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qəbul etdiyi və ATƏT-in Minsk qrupunun yerinə yetirə bilmədiyi 4 qətnaməni Azərbaycan özü, təkbaşına icra etdi və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Başqa sözlə, 10 noyabr tarixində məlum üçtərəfli Bəyannamənin qəbul edilməsi ilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son nöqtə qoyuldu.

Cari ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi dövründə ən çox müzakirə olunan mövzulardan biri məhz münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ötən dövr ərzindəki fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi olmuşdur. Hamı tərəfindən görünən və qəbul edilən həqiqət odur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri 28 illik fəaliyyətləri dövründə sanki danışıqlar xatirinə danışıqlar aparmış, hər vəchlə status-kvonun saxlanılmasına cəhd göstərmiş, Ermənistanın işğalçı, aqressiv siyasətinə göz yummuş və dünya ictimaiyyətini münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünə inandırmağa çalışmışlar. Ötən illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev ən ali beynəlxalq tribunalarda, platformalarda bu məsələlərə dəfələrlə diqqət çəkmiş, Azərbaycanın münaqişədəki haqlı, ədalətli və prinsipial mövqeyini dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmışdır. Xüsusilə, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı əks-hücum əməliyyatlarının başlandığı ilk gündən etibarən Ali Baş Komandanımız dünyanın aparıcı telekanallarına verdiyi 30-dan çox müsahibələrində işğalçı Ermənistanın, erməni diasporunu və onun havadarlarının Dağlıq Qarabağla bağlı yalançı, uydurma təbliğat və dezinforma-siyalarını bütün mənalarda ifşa etməklə yanaşı, döyüş meydanında baş verənlər və ölkəmiz haqqında, Qarabağın tarixi və gələcəyi ilə bağlı dəqiq, düzgün məlumatları real faktlara və tarixi mənbələrə əsaslanmaqla sistemli şəkildə  bütün dünya ictimaiyyətinə və daxili auditoriyaya çatdırmaqla, bir daha bəyan etdi ki, Azərbaycan öz torpağında və öz torpaqları uğrunda haqlı mübarizə aparır, bizim işimiz beynəlxaq hüquqa uyğun haqq işidir, döyüş meydanında Azərbaycan ordusu, onun əsgər və zabitləri düşmənin yalnız canlı quvvəsini, hərbi obyektlərini və texnikasını hədəfə alır, döyüşdə yalnız Azərbaycan vətəndaşları iştirak edir, biz böyük, cəsur və qəhrəman xalqıq, Azərbaycan dövləti güclü və qüdrətli dövlətdir, Azərbaycanda sarsılmaz Xalq-İqtidar-Ordu birliyi mövcuddur, biz milli maraqlarımıza uyğun müstəqil siyasət aparırıq və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz.

Beləliklə, əminliklə deyə bilərik ki,  çox qısa müddətdə, cəmi 44 gün ərzində Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbr, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi və xalqımızın əzəli düşməninin sözün əsl mənasında belini qırdı, illərlə formalaşdırılan erməni miflərini, yalanlarını bütün dünya ictimaiyyəti qarşısında ifşa etdi və işğalçıya layiq olduğu yerini göstərdi. Azərbaycan bu möhtəşəm qələbəsi ilə işğalçını elə bir vəziyyətə saldı ki, ermənilər nəinki uzun müddət özlərinə gələ bilməyəcəklər, hətta Azərbaycan torpaqlarına tərəf baxmağa belə cəsarət etməyəcəklər.

10 noyabr tarixli Bəyanatdan sonra Azərbaycan və dost-qardaş ölkələr, bütün sülhsevər ictimaiyyət xalqımızın, dövlətimizin bu tarixi nailiyyətini və şanlı qələbəsini sevinclə qeyd edərkən təəssüf ki, işğalçı Ermənistanın havadarları yenə də özlərinə xas olan tərzdə xain, heç bir məntiqə, haqqa, ədalətə sığışmayan yalnış əməllərini davam etdirirlər. Bu kimi fəaliyyətlərin ən utancverici və rüsvayedici nümunəsi isə bir neçə gün öncə, noyabrın 25-də Fransa senatı tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası” haqqında qərəzli qətnamənin qəbulu və dekabrın 3-də senatdan sonra Fransa Parlamentinin digər palatası olan Milli Assambleyada qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyinin təcili tanınması zərurəti ilə bağlı qərar qəbul etməsi oldu.

Bu addımlar və qərarlardan öncə də, Azərbaycanın hərb meydanında təkbaşına mübarizə apardığı 44 günlük şanlı zəfəri dövründə Minsk qrupunun həmsədr ölkələrindən Rusiya Federasiyasının və ABŞ-ın nisbi neytrallığı, balanslı yanaşması və münaqişənin diplomatik həlli üçün səyləri fonunda Fransa dövlətinin qərəzli mövqeyi, məsələyə açıq-aşkar ermənipərəst yanaşması və münaqişənin həllindən daha çox tərəflər arasında ciddi mübahisə və münaqişə mövzularının alovlandırılmasına səbəb olan təxribatçı bəyanatları Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olmüşdur. Münaqişənin həllində iştirak edən həmsədr ölkə kimi Fransa bitərəf, ədalətli mövqe tutmaq əvəzinə işğalçı Ermənistanı dəstəkləyən və anti-Türk, anti-Azərbaycan mövqe nümayiş etdirirdi. Noyabrın 25-də Fransa senatı tərəfindən sözdə “Dağlıq Qarabağ”dakı qondarma, separatçı, xunta rejiminin tanınmasına çağırış edən, heç bir sağlam məntiqə sığmayan absurd qətnamənin qəbulu isə bu ölkənin ermənipərəst mövqeyinin əsl simasını açıb göstərdi.

Etiraf edək ki, sadəcə kağız parçası olan və heç bir əhəmiyyət kəsb etməyən bu qərəzli qətnamənin qəbulu bizim üçün sürpriz olmadı. Çünki, Fransa hökumətinin, xüsusilə Makron hakimiyyəti dövründəki ermənipərəst mövqeyi beynəlxalq diplomatiyaya, xalqların birgəyaşayış, birlik, həmrəylik, multikulturalizm, dini dözümlülük, mədəniyyətlər və dinlərarası dialoq, qarşılıqlı əməkdaşlıq və birgə inkişaf dəyərlərinə qətiyyən uyğun olmayan nümayişkaranə “hücum” cəhdləri hər kəs tərəfindən görünən, bilinən həqiqətdir. Şübhəsiz ki, bu “faşist” ritorikasını dövlət siyasətinə çevirən hökuməti təmsil edən Makron-Senat tandeminin uğursuz fəaliyyəti, Senatın və Fransa Milli Assambleyasının qondarma qətnaməni dəstəkləməklə nümayiş etdirdiyi siyasi, tarixi, hüquqi savadsızlığı, beynəlxalq hüququ növbəti dəfə gözardı etməsi və erməni lobbisinin əlində oyuncağa çevrilməsi Avropada söz sahibi olan dövlətlərdən biri kimi Fransa üçün növbəti utanc nümunəsi yaradaraq dövlətin nüfuzuna, beynəlxalq imicinə ciddi zərbələr vurur. 

Bu məqamda bir çox suallar yaranır. Görəsən Fransa dövlətinin bu məsələdə rəsmi mövqeyi necə olacaq? Niyə Avropanın güc mərkəzlərindən biri olan Fransa işğalçı və aqressiv siyasət yürüdən, regionda sülhə, təhlükəsizliyə, inkişafa təhdid olan Ermənistana havadarlıq edir?  Dünya birliyi, o cümlədən Fransa hökuməti tərəfindən tanınan və beynəlxalq hüquq çərçivəsində təsdiqlənən Azərbaycanın tarixi, əzəli ərazisi olan Dağlıq Qarabağda separatçı, kriminal, xunta rejimini dəstəkləməklə Fransa regionda nə kimi məqsədlər güdür? Səbəb nədir ki, Fransa iqtisadi, hərbi gücü, siyasi nüfuzu, müsbət beynəlxalq imici ildən-ilə yüksələn, regionun ciddi siyasi-iqtisadi aktoru olan və dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyən, xalqlar, dövlətlər, dinlər, müxtəlif konfessiyalar arasında konstruktiv, tolerant, multikultural və mədəniyyətlərarası dialoqu dəstəkləyən, bu münasibətlərə hörmətlə yanaşan müstəqil, demokratik Azərbaycanı deyil, rəzalət içində olan və illərdir ki, dövlət siyasətini yalanlar, tarixi faktların saxtalaşdırılması, faşizm ideologiyası və terrorizm üzərində quran işğalçı Ermənistanı dəstəkləyir? Aşkar ermənipərəst mövqe nümayiş etdirən Fransa görəsən regionda Azərbaycan kimi tərəfdaşı itirmək və bu qərəzli münasibət qarşılığında Azərbaycandan gözlənilən adekvat, kəskin reaksiya riskini nəzərə alırmı?

Suallar çoxdur, təhlil olunacaq məqamlar da çoxdur. Məlum olan budur ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatla münaqişə tərəfləri arasında birmənalı sülh əldə olundu. Bu sülh, ilk növbədə, münaqişə tərəflərini qane edir. Lakin nə qədər təəccüblü görünsə də, tədricən aydın olur ki, regionumuzda əldə olunan sülhdən narazı qalan dördüncü tərəflər meydana çıxır. Bu tərəflərdən biri də xüsusilə Makron hakimiyyəti dövründə türk-müsəlman dünyasına aşkar qərəzli münasibət nümayiş etdirən Fransadır. Bəzi məqamların aydınlaşması üçün Fransanın ənənəvi olaraq ermənipərəst mövqe nümayiş etdirməsinin fərqli aspektlərini bir daha nəzərdən keçirməkdə fayda vardır.

İlk növbədə, qeyd olunmalıdır ki, hazırda, son məlumatlara əsasən Fransada 600 minə yaxın erməni əsilli Fransa vətəndaşı yaşayır və Fransa hökumətinin, senatının qərəzli mövqeyi əsasən daxili auditoriyaya hesablanmış addım olmaqla böyük bir ehtimalla bu kütlənin dəstəyinə güvənmək, seçkilərdə erməni lobbisinin səsini qazanmaq düşüncəsinin nəticəsidir.

Lakin, unutmaq olmaz ki, bəzən həddən artıq siyasi emosionallıq müasir XXI əsr diplomatiyası ilə heç cür uzlaşmayaraq, ölkələrarası qarşılıqlı siyasi, iqtisadi, mədəni və s. münasibətlərə və əməkdaşlığa gərəksiz, ciddi zərbələr vura bilir. Qeyd olunmalıdır ki, Azərbaycan ilə Fransa arasında illərlə möhkəmlənmiş iqtisadi əlaqələr mövcuddur. Son statistik məlumatlara əsasən, Fransanın 59 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Fransa şirkətləri enerji (Total), nəqliyyat (Alstom, Thales, İveco, Systra), ətraf mühit (Suez CNİM), kənd təsərrüfatı və qida (Lactalis, Danone), mehmanxana işi (ACCOR), bank biznesi (Societe Generale), aviasiya və kosmik (Airbus, Thales) kimi əsas sahələrdə fəaliyyət göstərərək əhəmiyyətli dərəcədə mənfəət əldə edirlər və Azərbaycan iqtisadiyyatının diversifikasiyasına da müəyyən töhfə verirlər.

1995-2017-ci illər ərzində fransız şirkətləri tərəfindən ölkəmizə yatırılan sərmayələrin həcmi 2,2 milyard ABŞ dolları təşkil etmişdir. Bu dövrdə Azərbaycanın Fransaya yatırdığı investisiyaların həcmi 224,7 milyon ABŞ dolları məbləğində olmuşdur. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 787,4 milyon  dollar təşkil etmişdir ki, bunun da 250,7 milyon dolları idxalın, 536,6 milyon dolları ixracın payına düşmüşdür. Fransanın tanınmış “Total” şirkəti 1996-cı ildən Azərbaycanda neft kəşfiyyatı layihələrində iştirak etməyə başlamışdır. Şirkət, nəhəng transmilli enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir və burada 5% - lik paya malikdir. İlk qaz hasilatının 2021-ci ildə əldə edilməsi nəzərdə tutulan “Abşeron” yatağının işə başlaması “Total”ın Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – operator) şirkətləridir. Müqavilə 2016-cı ildə 30 il müddətinə imzalanıb və s.

İki ölkə arasında bir çox sahələrdə, eləcə də sosial, humanitar, mədəniyyət, təhsil, elm və texnologiya, digər istiqamətlərdə geniş spektrli əməkdaşlıq mövcuddur. Azərbaycan-Fransa arasında xüsusilə də mədəniyyət və təhsil sahəsində bugünədək mühüm birgə layihələr həyata keçirilmişdir. Azərbaycanda 2014-cü ildən Fransa Təhsil Nazirliyinin proqramı əsasında yüzdən çox şagirdə bağçadan bakalavr pilləsinədək təhsil almaq imkanı verən Bakı Fransız Liseyi və 2016-cı ildən Fransa-Azərbaycan Universiteti (UFAZ) fəaliyyət göstərir. Fransız dilinin tədrisi Azərbaycanda ingilis və rus dillərindən sonra üçüncü sırada yer alır. Ümumilikdə 50 minə yaxın şagird və tələbə xarici dil olaraq, fransız dilini öyrənir. Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Slavyan Universitetində Viktor Hüqo adına Fransız Dili və Ədəbiyyatı Mərkəzi və Azərbaycan Dillər Universitetində “Fransa Mərkəzi” yaradılmışdır. Təhsil Nazirliyinin “SABAH” layihəsi çərçivəsində Fransa səfirliyinin dəstəyi ilə 2015-ci ildən etibarən fransalı müəllimlər tərəfindən Azərbaycanın 4 ali məktəbində (Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti) fransız dili ikinci xarici dil kimi “SABAH” qruplarında tədris edilir. Bundan əlavə, hər il çoxsaylı azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün Fransanın ali məktəblərinə yollanır. Artıq uzun illərdir ki, Parisin Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (INALCO) azərbaycan dilinin tədrisi həyata keçirilir. Bu tədris proqramında Fransa, eləcə də digər ölkələrdən olan 120 tələbə Azərbaycan dilini öyrənir. Həmçinin, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizi, habelə onun tarixi və mədəni irsini fransız ictimaiyyətinə təqdim edən çoxsaylı tədbirlər həyata keçirilir və s.

Azərbaycan-Fransa arasında humanitar, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun dünya mədəniyyətinin inciləri hesab olunan tarixi, dini abidələrin qorunması, bərpa olunması və təmiri istiqamətində icra etdiyi nəhəng layihələrdə Fransanın payı olduqca yüksəkdir. Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak etmiş, məşhur Notr-Dam kilsəsinin təmiri üçün maliyyə yardımı göstərmiş, Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin təmirini həyata keçirmişdir.

Azərbaycan regionda artıq özünü təsdiqləmiş etibarlı beynəlxalq iqtisadi tərəfdaşdır, bir çox transkontinental iqtisadi layihələrin təşəbbüsçüsü və fəal iştirakçı aktorudur. Azərbaycanla bu dərəcədə inkişaf etmiş iqtisadi, mədəni, siyasi əlaqələri olan Fransa hökuməti yuxarıda qeyd olunan şübhəli siyasi qərarları ilə nəinki Azərbaycan və ya Türkiyə ilə diplomatik və digər çoxşaxəli əlaqələrinə zərər vurur, eyni zamanda beynəlxalq etibarlılığına da ciddi xələl gətirir.

İkincisi, bu qərəzli “qətnamə”nin qəbulu zamanı Fransa senatındakı vəziyyətə baxaq. Qətnaməyə səs verən 336 senatordan 30 nəfər bitərəf qalıb, 305 nəfər “qətnamə”nin leyhinə səs verib və sonradan Makronun partiyasını təmsil edən 7 nəfər səsini geri götürüb. Qeyd edək ki, hakimiyyət senatda cəmi 23 nəfərlə təmsil olunur. Müxalifətin təşəbbüsü ilə səsverməyə çıxarılan və əsasən erməni əsilli vətəndaşların yaşadığı regionları təmsil edən senatorların dəstəklədiyi qətnamə Fransanın erməni lobbisinin əlində oyuncağa çevrilməsinə dəlalət etmirmi?

Üçüncüsü, siyasi tarixin və beynəlxalq hüququn saxtalaşdırılmasına xidmət edən, yalnız erməni diasporunun maraqlarına cavab verən və Fransanın siyasi imicinə, beynəlxalq etibarlılığına xələl yetirən bu qərəzli qətnaməyə səs verən senatorlara sual verən oldumu ki, siz hansı “respublikanı” tanımağı tövsiyə edirsiniz? İşğalçı Ermənistanın özünün tanımağa cürət etmədiyi, münaqişə haqqında Rusiya prezidenti Putinin və Makronun özünün “Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq hüquqa əsasən suveren Azərbaycan Respublikasının ərazisidir” dediyi ərazilərdə separatçıların və terrorçu, kriminal, xunta rejiminin yaratdığı oyuncaq “respublika”nımı tanıyırsınız? Haradadır o qondarma qurum? Ali Baş Komandan İlham Əliyev bu qondarma xunta rejimini də, Azərbaycana sırınan status-kvonu da tarix səhnəsindən əbədi olaraq silib atdı. Artıq ərazi bütövlüyü, dövlət sərhədləri tam bərpa olunmuş suveren Azərbaycan Dövləti var! Müstəqil, güclü Azərbaycanın yenilməz xalqı, məğlubedilməz ordusu və müzəffər Sərkərdəsi, Lideri, əbədi Prezidenti var! Bu siyasi, hüquqi savadsızlığı necə əsaslandırmaq olar ki, qətnamədə “Azərbaycan Silahlı Qüvvələrinin və “onların dəstəkçilərinin” 27 sentyabr tarixindən etibarən işğaldan azad etdiyi torpaqlardan “çıxarılması”, “1994-cü ildə müəyyən olunmuş sərhədlərin bərpası” kimi absurd ifadələr səslənir? Bu hansı məntiqə sığır ki, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında BMT-nin qətnamələrinə imza atan, məhz münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın senat üzvləri bu dərəcədə qərəzli, qızışdırıcı, təxribat mahiyyətli və münaqişə tərəfləri arasında açıq-aşkar ayrı-seçkilik yaradan bəyanatlarla çıxış etsinlər? Birmənalı şəkildə bildiririk ki, bu saxta və qondarma sənədin heç bir hüquqi əhəmiyyəti yoxdur, Fransa Senatının və Milli Assambleyasının bu simvolik sənədi yalnız siyasi məna kəsb edir, başqa sözlə seçkiqabağı siyasi oyunun bir vasitəsidir.

Burada diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, qəbul olunan “qətnamə”də Azərbaycanın, Türkiyənin, hətta Türkiyənin Cümhurbaşkanı cənab Rəcəp Tayyip Ərdoğanın adı daha çox hallandırılır, nəinki bir dəfə də olsun adı qeyd olunmayan işğalçı Ermənistanın. Aşikardır ki, Türkiyə paranoyası yaşayan erməni diasporasının təzyiqi ilə hazırlanan bu sənəd eyni zamanda Türkiyəyə qarşı narazılıq nümayişidir. Bu dərəcədə anti-Türk, islamofob mövqe tutan, tarixi, hüququ saxtalaşdıran bir ölkə necə münaqişənin həllində rol oynayan Minsk qrupunun həmsədri kimi çıxış edə bilər? Əksinə, Fransanın ötən illərdəki fəaliyyətindən də görünür ki, bu ölkə münaqişənin həlli üçün yox, işğalın əbədiləşməsi üçün əlindən gələni edib, Minsk qrupu üzvü kimi Fransa ötən illərdə heç bir nəticəyəyönəlik addım atmayıb. Əslində, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyənat Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son nöqtəni qoydu, artıq Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmadı. Lakin istənilən beynəlxalq platformada Fransanın obyektivliyi bundan sonra təbii ki, şübhə altında olacaq və Fransa sırf ermənipərəst mövqeyi ilə ən çox özünə zərər vurmuş olacaq.

İstənilən halda, işğalçının havadarlarının bu kimi çarəsiz cəhdləri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki əsrlərə bərabər parlaq siyasi və diplomatik qələbəsinin kölgəsində sadəcə toz zərrəciyidir. Azərbaycan döyüş meydanında öz sözünü dedi və 44 gün ərzində bütün dünyaya XXI əsrin yeni müharibə modelini təqdim edərək möhtəşəm qələbələr qazandı. Yalnız beynəlxalq hüquqa əsaslanan Azərbaycanın, işğalçı Ermənistanın ardı-arası kəsilməyən növbəti təxribatına qarşı 27 sentyabr tarixli əks-hücumu Böyük Vətən müharibəsinə çevrildi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu misilsiz şücaət göstərək işğal altında olan torpaqlarının xeyli hissəsini – 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklikləri düşmən tapdağından azad etdi. Dekabrın 1-də ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın bütün torpaqlarında bu gün şanlı Azərbaycan bayrağı dalğalanır. Fransa senatı bu nəticələri görmürmü ki, 10 noyabr tarixində həll olunan münaqişə haqqında 25 noyabr tarixində uydurma bəyanatlar verir, qondarma qətnamə qəbul edir? Düşünürəm ki, səbəb aydındır. Son onilliklərdə ilk dəfədir ki, Şərq-müsəlman dünyası Qərb üzərində qalib gəldi. Qarabağ müharibəsi – Azərbaycanın İkinci Qarabağ savaşında qətiyyətli qalibiyyəti regiondakı güclər nisbətini tamamilə dəyişdi, Türkiyə və Azərbaycan artıq ciddi geosiyasi, iqtisadi gücə çevrilib. Fransa münaqişədəki sözsahibi mövqeyini qərəzli yanaşması və qeyri-adekvat fəaliyyəti ilə itirdi və münaqişə əslində Bakı-Moskva-Ankara formatında həll olundu. Fransanın bu aşkar passivliyi təbii ki, erməni lobbisini hiddətləndirdi və nəticə göz qabağındadır ki, ermənipərəst senatorlar düşünülməmiş addımları ilə yalnız özlərini və təmsil etdikləri dövləti rüsvay etdilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq platformalarda bütün dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, BMT-ni, ATƏT-i, Minsk qrupunun həmsədr ölkələrini münaqişənin əsl mahiyyəti, Azərbaycanın münaqişənin həlli ilə bağlı prinsipial və konstruktiv mövqeyi haqqında məlumatlandırıb, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan ərazisində yeni torpaqların işğal olunması, etnik təmizləmə, qırğınlar törətmək kimi faşist ambisiyaları haqqında xəbərdar edib. Ermənistan isə beynəlxalq hüququn tələblərinə məhəl qoymadan işğalçılıq siyasətini davam etdirirdi, münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyü haqqında təxribatla məşğul idi. İşğalçı Ermənistanın və onun havadarlarının nəzərə almadığı məqam isə bundan ibarət idi ki, müasir Azərbaycan müstəqil siyasət yürüdən və cəsarətli, müdrik, xalqının mənafelərini hər şeydən üstün tutan iradəli Lideri olan, hərbi, siyasi, iqtisadi qüdrəti ilə seçilən dövlətdir. Azərbaycan 44 günlük müharibə zamanı bütün erməni miflərini darmadağın etdi, erməni yalanlarını ifşa etdi, işğalçının faşist, qatil, oğru və qəsbkar simasını dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının milli qürurunu, qələbə əzmini, özünəinamını yüksəltdi və Azərbaycan bir daha qalib dövlət və məğrur xalq kimi özünü təsdiqləməyə nail oldu. Xalqımız Prezident, Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşdi. Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi sözün əsl mənasında “dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. İşğaldan azad olunan torpaqlarımızın hər guşəsində üçrəngli Dövlət bayrağımız dalğalanır, müqəddəs Azan oxunur, namazlar qılınır, Himnimiz səslənir. Azərbaycan xalqı müzəffər Prezidentimizin rəhbərliyi ilə mənfur düşməndən təmizlənmiş bütün torpaqlarımızı cənnət məkanına, beynəlxalq turizm mərkəzlərinə çevirəcək, o regionların iqtisadi potensialından maksimum istifadə edəcək və şübhəsiz ki, ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan torpaqlarının iqtisadi potensialı artıq bütün gücü ilə xalqımızın rifahı, yüksəlişi, tərəqqisinə xidmət edəcəkdir.

Əlbəttə ki, Azərbaycana yenə beynəlxalq siyasi təzyiqlər istisna deyildir. Lakin, unutmayaq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı xalqımızın bəlkə də ən mürəkkəb, taleyüklü 44 günlük Zəfər yürüşü müddətində bütün beynəlxalq təzyiqlərə mətanətlə sinə gəldi, erməni lobbisinin illərlə formalaşdırdığı mifləri, “dəstək güclərini” darmadağın etdi, Azərbaycana hər arenada edilən bütün hücumları qətiyyətlə dəf etdi. Bütün xalqımız əmindir ki, Azərbaycanın müstəqilliyini qoruyan, möhkəmləndirən, əbədi edən müzəffər sərkərdəmiz, Prezidentimiz nəyi, nə zaman və necə edəcəyini gözəl bilir. Cənab İlham Əliyev Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən dövlətlərin, hökumət nümayəndələrinin, hətta mətbuat, KİV təmsilçilərinin layiqli cavabını həmişə verib və şübhəsiz ki, Fransa Senatının bu qondarma qətnaməsinin, eləcə də Fransa Milli Assambleyasının düşünülməmiş qərarının bu ölkə üçün ciddi siyasi nəticələri olacaq. Cəmiyyətimizdəki emosional reaksiyalar, Fransaya qarşı siyasi, iqtisadi tədbirlər haqqında bəyanatlar əslində başa düşülən olsa da, rasional, təmkinli, səbrli yanaşma bütün situasiyalarda ən düzgün seçimdir. Fransa hökumətinin rəsmiləri Senatın bu qondarma qətnaməsinin hüquqi əhəmiyyəti olmadığını təsdiq edib və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha qeyd edib. Sağlam məntiq deyir ki, Milli Assambleyanın 3 dekabr tarixli qərarının da aqibəti eyni olacaq və bu qərar da öncəkilər kimi sadəcə növbəti bir rüsvayçılıq və tarixi, hüquqi saxtakarlıq nümunəsi kimi kağız üzərində qalacaq.

Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etdi və indi Azərbaycan üçün tamamilə yeni, möhtəşəm, inkişaf dövrü başlayır. Artıq böyük-kiçikliyindən asılı olmayaraq bütün dövlətlər Azərbaycanı iqtisadi, siyasi, hərbi güc kimi tanıyır, qəbul edir. Azərbaycan erməni faşizmi, onların uydurmaları, Azərbaycana qarşı ərazi iddiaları, yalanları üzərində qətiyyətli qələbə qazandı. Azərbaycan xalqı bu möhtəşəm hərbi-diplomatik qələbənin memarı, müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşib və ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi əbədidir, sarsılmazdır. Dünya artıq təkqütblü deyil, ikiqütblü də deyil, çoxqütblüdür və Rəcəp Tayyib Ərdoğanın dediyi kimi “Dünya 5-dən (ABŞ, Rusiya, İngiltərə, Çin və Fransa – Ş.H) böyükdür”. XXI əsr Türk əsridir və Ali Baş Komandanımız İlham Əliyev Türk millətinin, Azərbaycan xalqının gücünü, milli ruhunu, qələbə əzmini, “dəmir yumruğu”nu bütün dünyaya nümayiş etdirdi. Regionumuzda, bütün coğrafiyamızda, hətta dünyada artıq hər kəs Azərbaycanla münasibətlərində bu “dəmir yumruğ”u nəzərə alacaq. Biz Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, rəşadətli Ordumuzla qürur duyuruq.

 

DİGƏR Xəbərlər Arxiv